Bakıdan Navalnı ilə bağlı arayış: “O, əslində ölməyib…”

 

Rusiyalı müxalifətçi Aleksey Navalnının həbsxanada ölməsi dünyada müzakirələrə səbəb olub. Hər kəs onun öldürüldüyünü iddia edir. Hətta Navalnının ölümündən sonra Gürcüstan və Ermənistanda bir qism insan küçələrə çıxaraq etiraz aksiyası keçiriblər.

Bəs baş verən hadisəni Azərbaycan müxalifəti necə qiymətləndirir?

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn A.Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıb.

Bildirib ki, əksəriyyət siyasətçinin qətlə yetrildiyini düşünür:

“Düzdür, Rusiya tərəfi Navalnının qəsdən öldürüldüyünü inkar edir və bunun bədbəxt hadisə nəticəsində baş verdiyini deyir. Amma hər halda şübhələr qalır ki, o, siyasi motivlərlə Putin və onun rejimi tərəfindən aradan götürülüb. Kreml inandırıcı şəkildə məsələyə aydınlıq gətirməlidir. Ortada kifayət qədər güclü bir müxalifətçinin həbsxanada ölməsi faktı var. Əgər aşkar olunarsa ki, o, qəsdən öldürülüb, artıq bütün şübhələr Putin rejiminin üzərinə düşmüş olacaq”.

AĞ Partiya sədri Tural Abbaslı baş verən ölüm hadisəsinin şübhəli olduğunu deyib:

“Normal ölkələrdə adətən, belə ölümlər elə də şübhəli sayılmır. Sözsüz ki, siyasi xadim dünyasını dəyişən zaman araşdırmalar aparılır və ortaya bir nəticə çıxır. Lakin Rusiyada bu cür hadisələrin baş verməsi artıq hər kəsdə şübhə yaradır. Navalnı öz əcəli ilə dünyasını dəyişmiş olsa belə, yenə də şübhələr Putin hakimiyyətinə yönələcək. Putinin rəqiblərinə olan münasibəti heç kəsə sirr deyil. Cavan siyasi xadimin dünyasını dəyişməsi üzücüdür. Hər halda, hamı Rusiyadan izahat gözləyir. Məncə, Navalnı ilə birlikdə Rusiya demokratiyası, sivil dünyaya qovuşma şansı dünyasını dəyişdi”.

AMİP sədri Arzuxan Əlizadə də Navalnının öldürüldüyünü düşünən siyasətçilərdəndir:

“Aleksey Navalnı Rusiya prezidentinə əsas rəqiblərdən hesab olunurdu. Adam uzun müddət idi təcridxanada saxlanılırdı, ona 19 il həbs cəzası təyin olunmuşdu. Nəzərinizə çatdırım ki, Putinin rəqiblərinin dünyadan köçməsi ilk belə hal deyil. O, öz rəqiblərini hər zaman müxtəlif üsullarla sıradan çıxarıb. Yadınızdadırsa, Nemtsov da Kremlin divarlarının yaxınlığında güllələnərək qətlə yetirilmişdi. Faktiki olaraq Rusiyada Navalnıdan başqa Putinə rəqib olacaq ikinci bir şəxs yox idi. Düşünürəm ki, Navalnı əslində ölməyib, öldürülüb”.

Ümid Partiyasının sədri İqbal Ağazadə siyasətçinin ölümünün ciddi məsələ olduğunu bildirib:

“Baş verən ölümlə bağlı müxtəlif versiyalar üzərində düşünmək olar, amma bunun hamısını obyektiv istintaq araşdırması müəyyən etməlidir. Rusiyada da obyektiv istintaqın olmayacağı məlum olduğu üçün deyə bilərəm ki, Putin administrasiyası hansı rəyi verəcəksə, hər kəs də onu o cür qəbul etməyə məhkum olacaq. Beləliklə, baş verən ölümlə bağlı gerçək məlumatı ala bilməyəcəyik. Navalnının ölümü Putin administrasiyasının siyasi rəqiblərə necə yanaşdığını bir daha göstərdi”.

Zaira Akifqızı
Globalinfo.az