“Ərazi bütövlüyümüzün bərpası və işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən yenidənqurma işləri hər birimizdə böyük qürur hissi yaradır. Bütün bunlar ölkə vətəndaşlarında, hətta xarici qonaqlarda belə heyranlıq hissi doğurur. Çünki Qarabağdan, Şərqi Zəngəzurdan hər səfərimizdə yeni-yeni nailiyyətlərin şahidi oluruq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov bu gün keçirilən “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiyada deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan olunması düşünülmüş, zamanın çağırışlarına cavab verən qərardır:
“Bu, yalnız bir təqvim ili ilə məhdudlaşan qərar deyil, həm də Bakının şəhərsalma siyasətində yeni mərhələnin, sistemli və beynəlxalq standartlara inteqrasiya olunmuş təşəbbüslərin davamıdır.
Bu ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakı şəhərində keçiriləcək. Forum müxtəlif beynəlxalq görüşlər, mədəni və iqtisadi tədbirlər proqramı ilə yadda qalacaq”.
M.Hüseynov onu da bildirib ki, paytaxtımız iri beynəlxalq tədbirlərin təşkili üçün zəruri infrastruktur, idarəetmə təcrübəsi və şəhər imkanlarına malikdir:
“Bu gün Bakının müasir simasını formalaşdıran memarlıq nümunələri artıq qlobal tanınma səviyyəsinə çatıb. Xüsusilə qeyd edə bilərik ki, şəhərin simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi, müasir memarlıq üslubu ilə seçilən komplekslər, beynəlxalq tədbirlərin keçirildiyi əsas ünvanlardan biri olan Bakı Konqres Mərkəzi, qlobal tədbirlərə ev sahibliyi edən “Baku Crystal Hall”, eləcə də milli musiqi ilə müasir memarlığı birləşdirən Muğam Mərkəzi yalnız estetik layihələr deyil, həm də Bakının modern şəhərsalma modelinin göstəriciləridir. İnfrastrukturun təkmilləşdirilməsi istiqamətində son illər kompleks tədbirlər həyata keçirilib. Çirklənmiş torpaqların təmizlənməsi, neftlə zədələnmiş ərazilərin rekultivasiyası və yaşıllaşdırma layihələri prioritet istiqamətlərdəndir”.
M.Hüseynov həmçinin qeyd edib ki, şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan biri olan Xəqani bağında yenidənqurma işləri başa çatdırılıb:
“Nəticədə parkın ərazisi genişləndirilib və bir vaxtlar sıx nəqliyyat axını olan məkanda bu gün rahat ictimai məkan formalaşdırılıb. Nəticədə Bakı həm müasir, həm də öz tarixinə sadiq qalan şəhər kimi parlayır. Mərkəzi ərazilərdə yerləşən parklar, “Atatürk” “Gənclik” və digər istirahət məkanları buna nümunədir. Bu parklarda sakinlər və şəhərimizə gələn qonaqlar üçün hər cür şərait yaradılıb. Nəticədə parkın ərazisi genişləndirilib və bir vaxtlar sıx nəqliyyat axını olan məkanda bu gün rahat ictimai məkan formalaşdırılıb”.
Zaira Akifqızı
Globalinfo.az