Bakıda yataqxanadakı yanğın siqaretə görə olub

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri Xətai rayonunda yerləşən yataqxanada ötən gecə baş verən yanğın barədə məlumat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, məlumatda qeyd olunub ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermis yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 m² sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.