Hərbi jurnalist Rahib Qərib yaşadığı evin yaxınlığında bir qrup naməlum şəxsin hücumuna məruz qalıb.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə açıqlama verən jurnalist bildirib ki, insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər. Yerə yıxıldım, qalxmağa fürsət tapmadım. İki-üç nəfər məni bir-birinə atmağa başladı. Onlardan yalnız birini xatırlayıram, digərləri yadımda deyil. Aldığım zərbələr nəticəsində topuğum çatlayıb, hazırda gipsdədir. Ayağımda da qırıq var. Hələ də dəqiq anlaya bilmirəm ki, bu hadisənin arxasında nə dayanır. Çox gözlənilməz və ağlasığmaz bir vəziyyət idi. Ümid edirəm ki, araşdırmalar nəticəsində həqiqət üzə çıxacaq”, – Rahib Qərib bildirib.
Ətraflı süjetdə:
***16:55
Bakıda tanınmış jurnalist döyülüb.
Globalinfo.az lent.az-a istinadla xəbər verir ki, hadisə “Jurnalistlər Binası”nda qeydə alınıb.
Orada yaşayan, tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb.
Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib.
Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.
Rahib Qərib bildirib ki, aldığı xəsarətlər səbəbilə Kliniki Tibbi Mərkəzdə müalicə alıb:
“Gecə saatları Tiktokda hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində, istəmədən qarşıdakı “Rənc Rover” markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan sırağa gün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar”.
