surucu

Xəbər verdiyimiz kimi, Bakıda dörd nəfər küçədə bir şəxsin avtomobilinə hücum edərək onu döyüb, ağır xəsarətlər yetirib. Hadisəni törədən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə ev dustaqlığına buraxılıb. Azər Zahidli isə sərbəst qalıb. Lakin verilən qərar ictimaiyyətdə narazılıq yaradıb. Bildirilir ki, məhkəmənin yekun addımı qənaətbəxş deyil.

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, burada xuliqanlıqla bağlı cinayət işi başladıla bilər:

meh

Mehman Muradlı

“Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə hadisəni törədənlərin 2 ildən 5 il müddətinə qədər azadlıqdan məhrum edilməsi mümkündür. Alternativ cəza nəzərdə tutulmayıb. Yəni azadlığın məhdudlaşdırılması, şərti cəza, digər islah işləri olmur. Amma şübhəli məqamlar çoxdur. Məsələn, hakimin yanaşmasını doğru hesab etmirəm. Hər halda prokurorluq protest verəcək. Apellyasiya şikayəti olarsa, bu, mütləq təmin olunacaq və səbəbkarlar həbs ediləcək”.

Xatırladaq ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonunda bir qrup şəxs aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vurub və yararsız hala salıb. Həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: