23:10
Bakının 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bulinqə məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntüləri bloger Saleh Nəsirov sosial hesabında paylaşıb.
“Bu hadisə Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdləri tərəfindən edilib. Zorakılığı törədən qızın adı Əliyeva Günel (ad şərti yazılıb) etdiyi zorakılığı dünən paylaşıb və fəxr edir”, – məlumatda qeyd olunub.
Daxili İşlər Nazirliyinin məttbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib və həmin məktəbin şagirdlərinin olması hələlik məlum deyil.
“Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”,- DİN-in açıqlamasında qeyd olunub.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da məsləyə münasibət bildirib.
“Yayılmış video ilə bağlı ilkin araşdırma aparılıb. Sabah məktəbdə daha detalı araşdırma edəcəyik. Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bu günə kimi hər bir məsələyə həssas yanaşdığımızı bilirsiniz”, – deyə G.Səfərova qeyd edib.
156 nömrəli tam orta məktəbi baş verən hadisəni təsdiq edib.
“Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”,- məktəbin açıqlamasında deyilir.
Bakı Şəhər Təhsil İdarəsi 156 saylı məktəbdə baş verən hadisəni nəzarətə götürüb.
“Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”,- açıqlama qeyd olunub.
***
Globalinfo.az-a hadisə ilə bağlı bəzi detallar məlum olub.
Deyilir ki, hadisə sözügedən orta məktəbin ərazisində baş verməyib. Məhəllədə olub. Belə ki, qızlar qonşudurlar, eyni küçədə yaşayırlar. Məlumata görə, videoda zorakılığa məruz qalan qız ona şiddət göstərən həmcinsinin özəl fotolarını, videolarını yayıbmış. O da bu yolla “qisas” almaq qərarına gəlib.