Bakıda ŞOK əməliyyat: Makronun “qara qutusu” tapıldı – İlin fiaskosu yaşanır

Fransa Prezidenti Emmanuel Makron dünən ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Onun istefası, əslində, gözlənilirdi. Belə ki, DGSE-nin Afrika və Cənubi Qafqazdakı uğursuzluqlarından sonra bu barədə danışılmağa başlanmışdı.

Qürub edən ulduz

Əvvəlcə onu deyim ki, Emyeni həm Yaxın Şərq, həm də Afrika regionunu yaxından tanıyan, bilən təcrübəli kadr idi. O, 2007-2010-cu illərdə Fransanın Türkiyədəki səfiri olub. Xüsusən eks-prezident Nikola Sarkozinin Türkiyənin Aİ prosesinə qarşı çıxması səbəbindən iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Ankarada səfir vəzifəsində çalışıb. Bu illərdə o, həm də Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinə insanların cəlb edilməsi missiyasını icra edib.

B.Emyeni 2010-2017-ci ilə qədər Fransanın Əlcəzairdəki səfiri işləyib. Bu illərdə isə Fransanın keçmiş müstəmləkələri olan Afrika ölkələrində rəsmi Parisin mövqelərini gücləndirmək, habelə agentura şəbəkəsini genişləndirmək üçün fəaliyyət göstərib.

Təsadüfi deyil ki, Bernard Emye Prezident Emmanuel Makron tərəfindən 2017-ci ildə Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE rəhbəri vəzifəsinə təyin edilib. Lakin onun ulduzunun qürub etməsi də məhz bu ildən başlayıb.

Afrikadan Cənubi Qafqaza

DGSE-nin Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğu son illərdə açıq-aşkar gözə çarpırdı. Misal üçün Fransanın arxa bağçası hesab edilən Qərbi Afrika ölkələri də ard-arda Parisin təsir dairəsindən çıxır. Mali, Burkina-Faso, Nigerdə baş verən son siyasi proseslərdəm sonra bu ölkələr faktiki olaraq Parisdən üz döndərib. Diqqətçəkən əsas məqam isə bu ölkələrdə hakimiyyət dəyişikliyi baş verərkən DGSE-nin prosesi vaxtından öncə sezə bilməməsi və müdaxilə edə bilməməsidir.

Cənubi Qafqazda isə vəziyyət daha qəliz və Fransa üçün fiasko səviyyəsində oldu. Belə ki, Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Gürcüstan və Azərbaycanda ifşa olunub. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən yüksək peşəkarlıqla keçirilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Onlardan bəziləri tutulub, bəziləri isə istintaq altındadır.

Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanları Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər aşkarlayıb. Bu, Fransa tarixində ən böyük fiaskodur və kəşfiyyatın imicinə tarixi zərbə olacaq.

Peşəkarlıq

Bu gün Fransa tarixinin ən böyük fiaskosunun şokunu keçirir. Bu fiaskonun məsuliyyəti hər nə qədər DGSE rəisi Bernar Emyenin üzərinə atılsa da, reallıq tamamilə fərqlidir.

Məsələ ondadır ki, həm rəsmi Paris, həm də DGSE Azərbaycanı və onun təhlükəsizlik orqanlarının gücünü lazımınca qiymətləndirmədi. Halbuki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları cəmiyyətimizin təhlükəsizliyinin, daxildən və xaricdən gələn təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl iş aparır və böyük uğurlar əldə edir. Son illərdə aparılan əməliyyatlar, görülən işlər Paris üçün ibrət olmalı idi.

Misal üçün İran-Azərbaycan və ABŞ-Azərbaycan gərginliyi fonunda aparılan əməliyyatlarla da onların ölkəmizdəki agent şəbəkəsi ifşa edilmişdi. Hətta İran xüsusi xidmət orqanları bu gün də dəyən zərərin miqyasını hesablayır.

İran və ABŞ kimi güclü kəşfiyyat xidmətinə məxsus iki ölkənin əməllərini ifşa edən təhlükəsizlik orqanlarımız bu gün də təkmiləşdirilir. Ümumiyyətlə, Azərbaycanda bu sahədə görülən işlər ardıcıl və davamlı olduğundan peşəkarlıq da ildən-ilə artır. Nəticəsi isə göz qabağındadır.

Turan Rzayev

Globalinfo.az