Bakıda şirkətin vəzifəli əməkdaşı həbs edildi – 100 minlik mənimsəmə

“Koroğlu MMC”nin şikayəti əsasında şirkətin supervayzeri, 1987-ci il təvəllüdlü Rauf Babayev barəsində cinayət işi açılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış işin ibtidai istintaqı başa çatdırılıb və materialları məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Raufun işlədiyi şirkətin məhsullarının “Araz” və “Səbət” marketlərinə paylanmasına nəzarət etdiyi və pulları özünün topladığı bildirilib. Araşdırma dövründə onun məhsullarının satışından daxil olmuş vəsaitdən nağd və bank hesabına köçürmə yolu ilə 1.031.676,53 manat pulu hissə-hissə şirkətin xəzinəsinə mədaxil etməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 124 min manatı qulluq mövqeyindən istifadə edib mənimsədiyi müəyyən edilib. Bundan sonra Rauf Babayev həbs edilib.
Məhkəmə prosesində Rauf törətdiyi əməli qismən etiraf edib və ələ keçirdiyi vəsaitin bir hissəsini şirkətə qaytardığını deyib.

Məhkəməyə daxil olan məktublardan məlum olub ki, o, istintaq müddətində 20 və 25 min manat olmaqla iki dəfəyə ümumilikdə 45 min manatı zərərçəkmiş tərəfə ödəyib.

Məhkəmədə “Koroğlu” MMC-nin nümayəndəsi artıq təqsirləndirilən şəxsə qarşı şikayət və ya tələblərinin olmadığını bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 fevral 2023-cü il tarixli hökmü ilə Rauf Babayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Malik
Globalinfo.az