Bakıda sərxoş həkim insident törətdi

 

Yanvarın 15-nə keçən gecə Bakıda sərxoş vəziyyətdə olan həkim polis tərəfindən saxlanılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, DYP əməkdaşları S.Məmmədovun (ad və soyad şərtidir) idarə etdiyi avtomobili saxlayıblar və onun sükan arxasına içkili halda oturması müəyyən edilib. S.Məmmədovun avtomobili DYP-nin müvəqqəti duracağına aparılıb. Bundan sonra həkim sərxoş halda ərazi üzrə 27-cü Polis Bölməsinə gələrək səs-küy salıb.

O, saat 04:25-dən 05:00-dək olan müddətdə bölmənin fəaliyyətini iflic edib və telefonunun oğurlandığını, pasientlərinin tez-tez ona zəng etdiyini və buna görə mobil cihazının dərhal tapılaraq ona verilməsini tələb edib.

Polis bölməsinin işini pozan tibb işçisi saxlanılıb və onun barəsində əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə protokol tərtib edilib.

Həkim protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Hüseyn səfərovun sədrliyi ilə keçirilən iclasda ona 100 manat cərim cəzası tətbiq edilib və məhkəmə zalından sərbəst buraxılıb.

Malik
Globalinfo.az