menzil manat 132

Bakıda kirayə üsulu ilə satılan 237 mənzil ətrafında ciddi müzakirələr başlayıb. Şərtlərə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş 925 manat təşkil edir və müqavilə müddəti 25 ilə qədər uzanır. Bu rəqəmlər sosial şəbəkələrdə kəskin tənqid olunub. Bir çoxu təklifin “güzəştli” deyil, əksinə, əlçatmaz olduğunu bildirir.

Mənzil almaq şərtləri niyə bu qədər çətinləşib?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bu vəziyyət son illərdə vətəndaşların haqlı narazılığına səbəb olur:

“İstər dövlət ipotekası, istərsə də güzəştli ipoteka proqramları ciddi narazılıqlara səbəb olur. Bugünkü Azərbaycan reallığında minimum əməkhaqqı ilə yaşayan vətəndaşların aylıq gəlirləri ipoteka ödənişləri və şərtləri ilə uyğun gəlmir. İpoteka deyəndə əsasən gənc ailələr və uzun illər mənzil növbəsində gözləyən vətəndaşlar nəzərdə tutulur. Lakin bu kateqoriyadan olan insanlar mövcud şərtlərdən istədikləri kimi yararlana bilmirlər. Bunun əsas səbəblərindən biri yeni mənzil fondunun məhdud olması və bu sahənin əsasən dövlət tərəfindən idarə edilməsidir. Məsələn, qonşu Türkiyə təcrübəsinə baxıb bizdə də sahibkarlar, iş adamları və tikinti şirkətləri bu sahəyə daha çox maraq göstərsələr, uzunmüddətli və sərfəli şərtlərlə mənzillər tikib ipoteka yolu ilə satışa çıxarsalar, bazarda təklif artar və nəticədə mənzillər daha əlçatan olar. Burada əsas məsələ təklif və tələb balansıdır”.

mulkedar rustemov

M.Rüstəmov qeyd edib ki, tikinti şirkətləri bu sahəyə daha fəal qoşularsa, vəziyyət dəyişə bilər:

“Təəssüf ki, bu məsələ vətəndaşlar üçün getdikcə daha da çətinləşir və gələcək illər üçün də müsbət proqnozlar verilmir. Bu gün vətəndaşların böyük hissəsi üçün ipoteka kreditləri əlçatan deyil. Məsələn, ölkədə təxminən 2 milyon vətəndaş rəsmi maaş alırsa, onların 60-70 faizi potensial olaraq ipoteka ödənişlərini qarşılaya bilmir. Hesablamalarda adətən minimum 1000 manat əməkhaqqı əsas götürülür. Ailəli bir insan üçün həm ailəni dolandırmaq, həm də ipoteka ödənişini həyata keçirmək olduqca çətindir. Aylıq ödənişlər isə 500 manatdan başlayaraq 700-800 manata qədər yüksəlir. Bu isə əksər vətəndaşlar üçün əlçatmazdır. Nəticədə son illərdə problemli kreditlərin həcmi artmaqdadır. Xüsusilə ipoteka ilə alınmış mənzillərin ödənişində ciddi çətinliklər müşahidə olunur. Burada tərs mütənasiblik yaranıb və bu vəziyyət mütləq nəzərə alınmalı, şərtlərdə yumşalmalar aparılmalıdır”.

Ekspert əlavə edib ki, mənzil sahəsində ciddi islahatlara ehtiyac var:

Təklif edərdim ki, tikinti şirkətləri birləşərək pilot layihələr həyata keçirsinlər və aztəminatlı ailələr üçün mümkün qədər yüngül şərtlərlə mənzillər inşa edib təqdim etsinlər. Təəssüf ki, hazırda bəzi hallarda ədalətsizliklər də müşahidə olunur. Belə ki, bəzi şəxslər bir neçə mənzilə sahib olduqları halda yenidən ipoteka götürür, güzəştli şərtlərdən müxtəlif yollarla yararlanır və sonradan həmin mənzilləri satışa çıxarır və ya kirayəyə verərək əlavə gəlir əldə edirlər. Bu sahədə ciddi nəzarət və araşdırmalar aparılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: