Bakıda qız zorla ərə verilib? – Rəsmi açıqlama – VİDEO

Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirilib.

Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox,  məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib.

***13:22

Sosial şəbəkələrdə toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.

Globalinfo.az xəbər verir ki, paylaşımlarda videogörüntülərin paytaxtın NZS qəsəbəsi yaxınlığında lentə alındığı iddia edilir.

Kadrlarda qızın evliliyə məcbur edildiyi təsiri yaranır. Sözügedən görüntülərin nə zaman və harada lentə alındığı barədə isə dəqiq məlumat yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.

Həmin görüntüləri təqdim edirik: