*** 10:04
Bakıda zorla qaçırılan qadınla bağlı yeni məlumatlar üzə çıxıb.
Globalinfo.az-ın məlumatına görə, bu barədə onu tanıyanlar bildiriblər.
Qeyd edilib ki, qadın atası və əri tərəfindən şiddətə məruz qalıb:
“O, anasız böyüyüb. Atası Günəşlidə yataqxanada qızın ögey anası ilə yaşayır. Qız Binəqədiyə ərə gəlib, gələn gündən qayınanası və ərindən şiddət görüb. Əlinin üstünü qayınana edib.
Uşağı ondan alıblar, aldadırlar ki, ərizəni geri götür, uşağı verək. Xanım ərə gedən gündən dükanda işləyib, əri isə işsiz, tüfeylidir. Atasından həmişə şiddət görüb, düşünüb ki, ərə gedər, bəlkə, yaxşı olar. Atasıgil də hazırda Binəqədidə ərinin evindədir. Polislər atasını və ərini heç yarım sutka saxlamadan buraxıblar. Xanım aidiyyəti orqanlardan xahiş edir, balasını, təhlükəsizliyinə zəmanət istəyir. Daha bir gənc xanım ölümün bir addımlığındadır. Deyir, uşaq məndən ayrı qala bilmir. Qadın məhkəməyə verib, boşanırmış, ona görə belə ediblər. Vəkili də yoxdur”, – məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, həmin şəxslərlə bağlı araşdırma aparılıb, toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
“Qaçırılan xanımın təhlükəsizliyi polislər tərəfindən təmin olunub”, – vurğulanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda qızın qaçırılması haqda video yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi onu qaçırmaq istəyən şəxslərin saxlanıldığını bildirib.


Zaira Akifqızı
Globalinfo.az