Bakıda “Prius” qatarla toqquşdu: Xəsarət alanların vəziyyətləri açıqlandı – FOTO / VİDEO

Bakıda avtomobillə qatarın toqquşması nəticəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına saat 10:54 radələrində Dübəndi-Zirə dəmiryolu xəttində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı müraciət daxil olub:

“Üç nəfər müştərək travmalarla təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. 2004-cü il təvəllüdlü kişi cinsindən olan xəstəyə ağır baş-beyin əzilməsi, qarın boşluğu və döş qəfəsinin küt travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Kəllə-beyin travması, ağır dərəcədə baş-beyin əzilməsi diaqnozu qoyulan, şəxsiyyəti məlum olmayan 30-35 yaşlı digər kişinin də vəziyyəti ağırdır. 2004-cü il təvəllüdlü qadın cinsindən olan xəstəyə isə başın ənsə nahiyəsinin, döş qəfəsinin, sol mil bilək oynağının əziyi, sol baldırın yuxarı hissəsinin dərialtı hematoması diaqnozu qoyulub. Onun da vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Daha ətraflı Baku TV-nin süjetində:

***12:28

Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub. Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

bakida-qatar-priusla-toqqusdu