1918–1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabineti üçün bina seçilərkən 1850-ci ildə karvansara, 1915-ci ildə isə “Metropol” oteli kimi fəaliyyət göstərən binaya üstünlük verilir. Cümhuriyyətin süqutundan sonra, 1930-cu ilə qədər bina Azərbaycan Həmkarlar İttifaqının yerləşdiyi yer olur.
Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev yazıb.
O bildirib ki, 1 noyabr 1939-cu il tarixli 4972 saylı qərara əsasən, binanın Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi nəzərdə tutulub:
“1943-cü ildə binanın fasadı və interyeri milli üslubda işlənərək, eyvanında uzun müzakirələrdən sonra Füzuli, Vaqif, M.F. Axundov, C. Məmmədquluzadə, C. Cabbarlı və yeganə qadın olan Xan qızı Natəvanın heykəllərinin qoyulmasına razılıq əldə edilir.
Xurşidbanu Natəvan XIX əsrdə Qarabağın sosial və mədəni həyatına, eyni zamanda, klassik şeir ənənələrinə böyük təsir göstərmiş şəxsiyyətdir. Onun heykəlinin seçilməsi təkcə ədəbiyyat sahəsindəki xidmətləri ilə deyil, su kəmərinin çəkilməsi, kasıblara yardım, təhsil təşəbbüsləri və digər sahələrdəki xeyriyyəçilik fəaliyyəti ilə də bağlıdır.
Heykəlin müəllifi ukraynalı heykəltəraş Yelena Tripolskaya seçilir. O, azərbaycanlı olmasa da, elə bir abidə hazırlayır ki, sanki özü həmin dövrün canlı şahidi olub. Tripolskaya Natəvanın başındakı kəlağayını, onun üzərindəki araqçını, həmçinin uzun zadəgan libasının qatlarını tunc materialda o qədər təbii və axıcı işləyir ki, görənlər heyran qalırlar.
Tripolskaya onun həyat hekayəsini oxuduqdan sonra heykəldə həm oğlunu erkən yaşda itirməsindən doğan, poemalarında da tez-tez rast gəlinən şəxsi ana kədərini, həm də Şərqin stereotiplərini qıran zadəgan xanım obrazını yaradıb.
Uzaqdan baxan insana elə gəlir ki, Natəvanın gözlərindən yanağına doğru canlı yaş süzülür. Heykəldə Natəvanın donunun qollarında və yaxasındakı bəzəklərdə Şuşa zadəgan qadınlarına məxsus xüsusi tikmə naxışları əks olunub. Şairənin ayaqqabılarının uclarının yüngülcə yuxarıya əyilməsi isə Qarabağ xanlığının rəsmi geyim növünü göstərir.
Tripolskaya Natəvanın abidəsini xüsusi tündləşdirilmiş tuncdan hazırlayıb. Buna görə də günəş işığı binanın fasadına düşdükdə, kişilərin əzəmətli heykəlləri arasında Natəvanın silueti öz rəng çaları ilə daha zərif və dominant görünür.
Tripolskaya Natəvanın üz cizgilərini naturadan işləmək üçün gizli bir model də axtarırdı. Çünki Natəvanın dövrümüzə çatan fotoşəkilləri çox az və keyfiyyətsiz idi. Tripolskaya Bakı ziyalıları arasında gizli araşdırma apararaq, şairənin Şuşadan olan və onun genetik cizgilərini daşıyan uzaq qadın qohumunu tapır. Həmin şəxsin adını heç kimin bilməməsi üçün qeydə almır. O, Natəvanın nəslindən olan bir xanım idi və heykəlin prototipinə çevrilir. Tripolskaya şairənin donunun aşağı hissəsinə Qarabağ xalçaçılıq məktəbinə məxsus həndəsi naxış elementlərini həkk edir.
Çox az adam bilir ki, heykəl hazır olanda onun ürək nahiyəsində gələcək nəsillərə ünvanlanan bir məktub da gizlədilib. Həmin məktubda sovet rejiminin Qarabağ xanlarının və bəylərinin nəslini repressiyaya məruz qoyması, Şuşanın milli kimliyinin sıxışdırılması və abidənin sovet senzurasını aldatmaq üçün saxta “proletar pasportu” ilə ucaldılması rəsmən qeyd olunub. Məktubun tam məzmunu barədə qeydlər yoxdur. Lakin bir cümlə ilə rastlaşdım:
“Bu tunc sındığı gün, bu sirlər açılacaq və mənim xalqım yenidən öz həqiqi tarixinə qayıdacaq!”
Globalinfo.az
Əliyar Xəlil