Xəbər verdiyimiz kimi, iyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. Ölkə başçısı bildirib ki, uğurlu inkişaf bir çox meyara əsaslanır:
Sitat: “Azərbaycan cəmi 35 ildir ki, müstəqildir. Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk iki ili istisna etməklə, qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik, – yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, – nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir”.
Son 35 ildə Azərbaycanda qorunan siyasi və sosial sabitlik inkişafa necə təsir göstərib? Ölkənin gələcək inkişafı üçün sabitliyin qorunması nə dərəcədə vacib hesab olunur?
Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, bu dövr ərzində Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması ölkənin inkişafının əsas amillərindəndir:
“Xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə müşahidə olunan siyasi qarşıdurmalar, idarəetmədə təcrübəsiz şəxslərin təmsil olunması və dövlət idarəçiliyində buraxılan ciddi nöqsanlar nəticəsində Azərbaycan ağır siyasi-iqtisadi böhranla üz-üzə idi. Həmin dövrdə bir çox sahələrdə tənəzzül açıq şəkildə özünü göstərirdi. 1993-cü ildə xalqın dəstəyi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Bunun nəticəsində mövcud böhran mərhələli şəkildə aradan qaldırılıb, dövlət institutları möhkəmləndirildi və iqtisadi inkişaf üçün əlverişli şərait formalaşdırılıb. Məhz həmin dövrdə “Əsrin müqaviləsi”nin imzalanması, torpaq islahatlarının həyata keçirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Bütün bunlar ölkədə sabitliyin təmin olunması sayəsində mümkün olub. Əminliklə demək olar ki, 1993-cü ildən etibarən formalaşan ictimai-siyasi sabitlik uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə, mühüm dövlət qərarlarının qəbuluna və iqtisadi islahatların uğurla icrasına şərait yaradıb. Sabitlik xarici investorların ölkəyə marağını artırdı, investisiya mühitini yaxşılaşdırıb və nəticədə təkcə neft-qaz sektorunda deyil, digər sahələrdə də uğurlu inkişaf layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşdırıb”.
Azər Allahverənov
Deputat bildirib ki, bu dövrdə Azərbaycanın enerji strategiyası uğurla reallaşdırılıb:
“Eyni zamanda, beynəlxalq nəqliyyat layihələri həyata keçirilib, nəqliyyat-logistika infrastrukturu genişləndirilib və ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi tanınırsa, bunun əsas səbəblərindən biri məhz uzun illər ərzində qorunub saxlanılan ictimai-siyasi sabitlikdir. Azərbaycanın regional nəqliyyat və enerji mərkəzinə çevrilməsi, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirakı da bu sabitliyin mühüm nəticələrindəndir. Təbii ki, əsas məsələlərdən biri də bu sabitliyin gələcəkdə qorunub saxlanılmasıdır. Müasir dünyada geosiyasi gərginliklərin, iqtisadi qeyri-müəyyənliklərin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə daxili sabitlik dövlətin dayanıqlı inkişafının əsas şərtlərindən biri hesab olunur. Xüsusilə son illərdə regionumuzda baş verən hərbi, siyasi və iqtisadi gərginliklər göstərir ki, daxili sabitliyi möhkəm olan dövlətlər bu cür xarici təsirlərdən daha etibarlı şəkildə qoruna bilirlər. Dövlətin bir növ daxili immuniteti formalaşır. Azərbaycan da bu baxımdan uğurlu nümunələrdən biridir. Ölkədə bərqərar olan ictimai-siyasi sabitlik həm müxtəlif geosiyasi təlatümlərin mənfi təsirlərinin minimuma endirilməsinə, həm də uzunmüddətli inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsinə imkan yaradıb”.
Azər Allahverənov qeyd edib ki, bu siyasətin həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan daxili və xarici siyasətin mühüm nəticələrindən biridir:
“Bu amil siyasi proseslərin proqnozlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki təcrübə göstərir ki, qeyri-sabit siyasi mühitə malik dövlətlərdə uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi və gələcəklə bağlı etibarlı proqnozların verilməsi olduqca çətin olur. Azərbaycan isə dayanıqlı ictimai-siyasi sabitlik sayəsində həm xarici təsirlərə qarşı müqavimətini gücləndirə, həm də öz inkişaf strategiyasını ardıcıl şəkildə reallaşdıra bilir.
Sabitlik xarici investorların etimadını möhkəmləndirir, uzunmüddətli kapital axınını təşviq edir və beynəlxalq əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın 30-dan çox dövlətlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlıq coğrafiyası davamlı olaraq genişlənir. Bu da ölkəmizin beynəlxalq etimad qazandığını göstərən mühüm göstəricilərdən biridir. Sabitliyin davamlı olması üçün onun iqtisadi inkişaf, sosial ədalət, vətəndaş məmnunluğu və effektiv dövlət idarəçiliyi ilə müşayiət olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu amillərin vəhdəti uzunmüddətli sabitliyin və davamlı inkişafın əsas təminatıdır”.
Ləman İmran
Globalinfo.az