Bakıda İƏT ölkələrinin əmək nazirlərinin konfransı başa çatdı – YENİLƏNİB

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası işini davam etdirib.

Globalinfo.az xəbər verir ki, iclasın gündəliyi qəbul edilib və Nazirlər Sessiyasına hazırlıq iclasının hesabatı təqdim olunub. DOST Konsepsiyası və ölkəmizdə sosial sahədə e-xidmətlər barədə videoçarxlar nümayiş edilib. Üzv ölkələrin əmək nazirlərinin və nümayəndə heyətləri başçılarının çıxışları dinlənilib.

Konfrans iştirakçıları daha sonra tədbirin Qətnamə layihəsini nəzərdən keçirib və Qətnaməni qəbul ediblər.

Konfransda müzakirə mövzularının üzv ölkələr üçün aktual olduğu vurğulanıb. Burada aparılan müzakirələrin və təcrübə mübadilələrinin nümayəndə heyətləri üçün önəmli olduğu, həmin ölkələrdə əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən islahatlar prosesi üçün əhəmiyyəti diqqətə çatdırılıb.

İƏT-in Baş katibinin müavini Dr. Ahmed Sengendo Azərbaycanın İƏT-lə fəal əməkdaşlığından və konfransa yüksək səviyyədə ev sahibliyi etməsindən razılığını, konfrans iştirakçılarına aparılan müzakirələrdə fəal iştirakına görə minnətdarlığını bildirib.

Sonra konfransın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dr. Ahmed Sengendo media üçün brifinq keçiriblər.

Onlar keçirilən bu beynəlxalq tədbirin yekunları barədə məlumat verib, konfransın üzv ölkələr, həmin ölkələrin gələcək əməkdaşlığı üçün uğurlu nəticələrinin olacağına əminlik ifadə ediblər.

***17:56

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işini başa çatdırıb.

Globalinfo.az xəbər verir ki, konfransın yekunu üzrə birgə qətnamə qəbul edilib.

Qeyd edək ki, noyabrın 21-dən 23-dək Bakıda keçirilən əmək nazirlərinin 5-ci konfransı çərçivəsində İƏT Əmək Mərkəzinin açılışı olub. Mərkəzin nizamnaməsini 16 ölkə imzalayıb.

***11:41

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Globalinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransın sədri və bürosunun tərkibi seçilib.

Konfransın sədri seçilmiş Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT-in bu konfransının üzv ölkələrin əlaqələrinin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını vurğulayıb.

O, hamı üçün məhsuldar məşğulluğun və layiqli əməyin, gənclərin məşğulluğunun təmin olunmasının İƏT ölkələri üçün aktuallığını, sosial sahədə şəffaflığın, xidmət keyfiyyətinin, əlçatanlıq və operativliyin artırılması kimi prioritet və çağırışların həllində rəqəmsallaşmanın vacibliyini, sosial məsələlərin həllində qarşılıqlı təcrübə mübadilələrinin önəmini vurğulayıb.

Sahil Babayev Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində aparılan islahatları, ölkəmizdə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, DOST Konsepsiyasının və sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətlərini diqqətə çatdırıb. Bildirib ki, hər bir ölkədə tətbiq olunan yeniliklərin digər üzv dövlətlər tərəfindən də öyrənilməsi, tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi İƏT üçün əsas fəaliyyət istiqamətlərindəndir. O, Bakıda yaradılan İƏT-in Əmək Mərkəzinin bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.

İƏT-in Baş katibi Hissein Brahim Taha bu konfransın üzv ölkələr üçün önəmindən bəhs edib, müzakirə olunan məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

***10:27

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxış edəcək.

Sonra konfransın sədri və büronun tərkibi seçiləcək.