
Son günlər sosial şəbəkələrdə kuryerlərin moped və motosikletlərinin yığılması ilə bağlı iddialar yayılıb. Belə ki, kuryerlər heç bir səbəb olmadan onlardan moped və motosikletlərinin cərimə meydançasına aparıldığını deyirlər.
Nə baş verir? Burada qanunsuz fəaliyyət var, ya başqa amillər rol oynayır?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, əgər yol polisi əməkdaşı istənilən nəqliyyat vasitəsini duracağa təhkim edirsə, mütləq sürücüyə məlumat verilir.
Onun fikrincə, sürücüyə saxlanılma səbəbinin bildirilməməsi məsələsi real görünmür:
“Əslində, mopedlərlə bağlı çoxdan verilən bir qərar var. Onların cərimə olunması, saxlanılması qərarı gözlənilən idi. Mopedlərin idarə edilməsi, yol nəqliyyat hadisələrində iştirakı, media subyektlərinin və sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevirilməsi onlar haqqında daha ciddi tədbirlərin görünməsinə gətirib çıxara bildi. Məsələn, onlara qeydiyyat nömrə nişanlarının verilməsi, geyimlərinin xüsusi geyimlərlə əvəz olunması, sürücülərin sürücülük vəsiqəsi ilə təmin olunması və s. hamısı sonda gətirib, belə bir addımların atılmasına rəvac verdi. Çünki əksəriyyət qanuna əməl etmirdi. Bəziləri mopedi nömrəsiz, sürücülük vəsiqəsi olmadan sürür. Hər bir şəxs idarə etdiyi nəqliyyat vasisətini diqqətlə sürməlidir, qayda və qanunlara riayət etməlidir. Əks halda, acı nəticələrin şahidi olacağıq”.
Zaira Akifqızı