“Bakıda keçirilən WUF13 180-ə yaxın ölkədən rekord sayda, təxminən, 60 min iştirakçını bir araya gətirdi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.
O qeyd edib ki, dünya cüzi irəliləyişdən sistemli transformasiyaya keçməlidir:
“Dünyanın müxtəlif yerlərində mənzil sistemləri ciddi təzyiq altındadır. Bərabərsizlik, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köç və iqlim böhranının artan təsirləri bu sistemi sarsıdır. Mənzil bazarları insanların ehtiyaclarını qarşılaya bilmir. İnsanlar qeyri-adekvat, təhlükəli yaşayış şəraitinə məcbur olurlar.
Bu həftə 11 dövlət və hökumət başçısı, 88 nazir, 130 mer, yerli və regional hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor liderləri və icmalar bir həqiqət ətrafında birləşdi: mənzil sadəcə bir əmtəə deyil, insan hüququdur. O, ləyaqətin, inklüzivliyin, imkanların və iqlim dayanıqlığının təməlidir”.
A.Rossbax bildirib ki, insanmərkəzli şəhər inkişafına əsaslanan kollektiv fəaliyyətə ehtiyac var:
“Birincisi, mənzil sahəsini yenidən dövlət məsuliyyəti kimi bərpa etməliyik. İkincisi, şəhərləri və icmaları gücləndirməliyik. Üçüncüsü, məcburi köçürmələrə son qoymalı və həssas icmaları qorumalıyıq. Dördüncüsü, mənzil maliyyələşdirilməsi sistemini islahat etməliyik. Beşincisi, məlumat sistemlərini gücləndirməli və qərarların etibarlı, icma əsaslı sübutlara söykənməsini təmin etməliyik.
Və nəhayət, aydın hədəfləri, ölçülə bilən hesabatlılığı və icmalarla real əməkdaşlığı təmin edən icra mexanizmləri qurmalıyıq”.
Zaira Akifqızı
Globalinfo.az