Bakıda kişi işlədiyi yerdən 6 gündə 52 min manatlıq oğurluq etdi

Bakıda işlədiyi yerdən külli miqdarda dəyəri olan metal oğurlayan Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Rüstəm Lətifov həbs edilib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayt Məcəlləsinin 177.3.2-ci, yəni oğurluq – külli miqdarda zərər vurmaqla maddəsi ilə iş açılan Rüstəmin iş yerindən 52 min manat dəyəri olan metal əşya və hissələri oğurlaması məlum olub.

Araşdırma zamanı təqsirləndirilən şəxsin 14 iyun 2022-ci il tarixdən saat 02:00-dan 20 iyun 2022-ci il tarixdə saat 05:00-dək olan müddət ərzində iş adamına məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən dəmir məmulatlarının istehsalı emalatxanasına dəmir darvazanın qapısını gizli açaraq daxil olması, icarə əsasında idarə etdiyi “VAZ 2121” Niva markalı avtomobillə daxil olub oradan avtomobilə yükləyərək daşıması məlum olub. Oğurlanan materiallar arasına 1 kq-nın dəyəri 2,63 manat olan 4100 kq çəkidə cəmi dəyəri 10783 manat təşkil edən sinkləşmiş metal lövhəni, hər birinin dəyəri 1500 manat olan 21 ədəd cəmi dəyəri 31500 manat təşkil edən qəlibləri (ştamp), hər birinin dəyəri 250 manat olan 4 ədəd cəmi dəyəri 1000 manat təşkil edən elektrik mühərriklərini, 01 ədədinin dəyəri 0,04 manat olan 60000 ədəd cəmi dəyəri 2400 manat təşkil edən dəmir barmaqlıq naxışlarını və 01 ədədinin dəyəri 0,09 manat olan 70000 ədəd cəmi dəyəri 6300 manat təşkil edən dəmir qapı üçün yarımdairə olub. Beləliklə emalatxana sahibinə ümumilikdə 51983 manat maddi ziyan vurulub.

İş üzrə toplanmış materiallar daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və işə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs emalatxana sahibini 6 ildir tanıdığını, orada usta işlədiyini deyib. O, oğurluq etdiyini etiraf etsə də, götürdüyü metalların əyərinin qat-qat şişirdildiyini bildirib.

Məhkəmənin 3 fevral tarixli hökmü ilə Rüstəm Lətifov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Malik
Globalinfo.az