Son günlər Bakıda qeyri-adi mənzərə müşahidə olunur. Belə ki, şəhərin müxtəlif ərazilərində, xüsusilə fərdi yaşayış evlərinin həyətləri və çoxmərtəbəli binaların eyvanlarında kütləvi şəkildə çəyirtkələr peyda olub. Bu vəziyyət sakinlər arasında həm təəccüb, həm də narahatlıq doğurub.
Şəhər mühitində çəyirtkələrin bu cür kütləvi şəkildə görünməsi normal haldırmı? Bunun arxasında hansı səbəblər dayanır?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, şəhər genişləndikcə və təbiət məhv olduqca, həmin canlılar da yaşamaq üçün yeni məkanlar axtarırlar:
“Badamdar, Abşeron bağlarını, qumsal əraziləri, orada mövcud olan heyvan və bitki örtüyünü, faunanı məhv etmişik. Bu, həşəratlara, o cümlədən çəyirtkələrə də aiddir. Çəyirtkələr, əsasən taxıl sahələrində, otlaqlarda yaşayır və sürü halında hərəkət edirlər. Bu il ölkədə nisbətən quraqlıq olub, bəlkə də bu səbəbdən taxıl sahələrinin sahəsi azalıb. Nəticədə, yaşamaq üçün uyğun ərazilər qalmadığından, şəhərə-binaların həyətlərindəki qazonlara və eyvanlardakı çiçəklərə yönəliblər. Bu baxımdan vəziyyət təəccüblü deyil”.
Qorxmaz İbrahimli
Ekoloq deyib ki, həyətlərdə ilanlara rast gəlmək də normaldır:
“Başqa həşəratların, digər canlıların görünməsinə görə həyəcanlanmağa dəyməz. Təkcə Bakı deyil, bütün ətraf ərazilərdə bu hal müşahidə olunur. Amma xüsusilə paytaxt ətrafında vəhşi təbiətin yaşaması üçün demək olar ki, heç bir areal saxlanmayıb. Məsələn, 12 il əvvəl Şıx çimərliyində bir cüt dovşan var idi, zaman keçdikcə onlar da yox oldular. Niyə? Çünki yaşadıqları sahə getdikcə daraldı həmin ərazi restoran və otellərlə zəbt olundu. İndi kəklik, dovşan, tülkü kimi canlılar ya tamamilə yox olur, ya da çəyirtkələr kimi şəhərə – insanlara daha yaxın ərazilərə qayıdırlar”.
Zaira Akifqızı
Globalinfo.az