Bakıda evdə meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum oldu – TƏFƏRRÜAT / YENİLƏNİB

Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəzi təfərrüat məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı şəhərinin Yasamal rayonunda iki nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

***

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində ər-arvadın meyiti tapılıb.

Bu barədə Globalinfo.az-a Yasamal rayon prokurorluğundan bildirilib.

Məlumatda bildirilib ki, 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.