Bakıda daşınmaz əmlak bazarında bahalaşma davam edir. 2026-cı ilin iyun ayı üzrə aparılan müşahidələrə görə, ən böyük qiymət artımı torpaq sahələrində qeydə alınıb. İlk 6 ayın nəticələrinə əsasən, torpaq bazarında qiymətlər 13 faiz, kotlovan layihələrində isə 9 faiz yüksəlib. Ekspertlər hesab edir ki, məhdud təklif və artan tələbat bu seqmentlərdə bahalaşmanı sürətləndirir.
Bəs Bakıda daşınmaz əmlak qiymətlərinin artımı ilin sonuna qədər hansı həddə çata bilər?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, əksəriyyət hesab edir ki, mənzil qiymətlərindəki artım ilk növbədə tələb və təklif balansının pozulması ilə bağlıdır:
“Hazırda bazarda yeni mənzil təklifi məhduddur və bu da qiymətlərin yüksəlməsinə təsir edən əsas amillərdən biridir. 2020-ci ildən etibarən tikinti və şəhərsalma sahəsində tikinti şirkətlərinə verilən icazələrin sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Digər tərəfdən, Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması tikinti materiallarına tələbatı artırıb. Nəticədə bir sıra əsas inşaat materiallarının qiyməti xeyli yüksəlib. Məsələn, armaturun qiyməti 780 manatdan 1200 manata qədər bahalaşıb. Bu isə tikinti şirkətlərinin maya dəyərinin artmasına və satış qiymətlərini yüksəltməsinə səbəb olub”.
Elnur Azadov
Ekspert deyib ki, bazara çıxarılan yeni mənzillərin sayı məhdud olduğundan tikinti şirkətləri qiymət siyasətində daha üstün mövqedədirlər:
“Hazırda bir çox layihələrdə mənzillər bazarın əvvəlki qiymətləri ilə müqayisədə təxminən 15-20 faiz baha təklif olunur. Bu tendensiya hələ də davam edir. Digər mühüm amil isə yüksək tələbatdır. Tələb təklifi üstələdiyi üçün qiymətlərdə artım qaçılmaz olur. Son illərin statistikası da bunu təsdiqləyir. Məsələn, 2022-2023-cü illərdə Bakı və Abşeron ərazisində mənzil qiymətlərində illik artım 16-18 faizə qədər yüksəlmişdi. Digər dövrlərdə isə orta illik artım əsasən 11-13 faiz arasında dəyişib. Mövcud bazar şəraitini nəzərə alsaq, qiymət artımının yaxın perspektivdə də davam edəcəyi gözlənilir. Hesab edirəm ki, bu ilin yekununda da mənzil qiymətlərində artımın 12-13 faizdən aşağı olmayacağı ehtimalı yüksəkdir”.
Zaira Akifqızı
Globalinfo.az