Bakıda ərlə arvadının ölümü ilə bağlı hadisənin TƏFƏRRÜATI

Dekabrın 29-u saat 21 radələrində Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində ər və arvadının qan içində meyitlərinin tapıldığı hadisənin təfərrüatları məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın kirayə yaşadığı evdə baş verib. Dünən axşam evə gələn yaxınları hər iki şəxsin mənzilin qonaq otağında qan içində qalmış meyitini aşkar ediblər. Belə ki, 45 yaşlı qadının boğazı kəsilmiş halda qalmış meyiti divanın qarşısında, onun əri E.Ələsgərovun bilək və dirsək bükümünün kəsilməsi nəticəsində cansız halda qalan bədəni isə divanda aşkar edilib.

Hadisə yerinə dərhal əməliyyat-istintaq qrupu cəlb edilib. Kriminalistlər E.Ələsgərovun əvvəlcə arvadının boğazını kəsərək onun meyitini divanın qarşısında uzatmasını, daha sonra isə özünün divanda intihar etməsi qənaətinə gəliblər. Araşdırmalar davam etdirilir.

Hadisə ilə əlaqədar bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Zaira Akifqızı
Globalinfo.az