qazac

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Qazaxıstandan olan qonaqlar da iştirak edirlər.

Globalinfo.az-a danışan Astana şəhərində yerləşən Avrasiya Milli Universitetinin Nəqliyyatın təşkili, hərəkəti və istismarı kafedrasının baş müəllimi Saken Kajenov Azərbaycana ilk dəfə gəldiyini deyib:

Bakı şəhərini çox bəyəndim. Mən yol hərəkətinin təşkili sahəsində ekspert olduğum üçün burada geniş prospektlərin mövcudluğuna, eyni zamanda piyadalar üçün yaradılmış imkanlara xüsusi diqqət yetirdim. Burada piyadaların maraqları balanslı şəkildə nəzərə alınır. Bir mütəxəssis kimi bu məqam dərhal diqqətimi çəkdi”.

Saken Kajenov bildirib ki, Bakıda dünyanın müxtəlif ölkələrindən şəhərsalma üzrə mütəxəssislər çox vacib məsələləri, xüsusilə mənzil təminatı mövzusunu müzakirə edirlər:

“Bu gün insanların əsas ehtiyaclarından biri başları üzərində damın olmasıdır. Bu mövzunun belə yüksək səviyyədə müzakirə olunması düşünürəm ki, müəyyən qərarların qəbuluna və gələcək inkişaf istiqamətlərinin formalaşmasına səbəb olacaq”.

Müsahibimiz təəssüflə bildirib ki, bu dəfə Qarabağı ziyarət etmək imkanı olmayacaq:

“Yəqin ki, bu dəfə Azərbaycanın rayonlarına, xüsusilə də Qarabağa getmək mümkün olmayacaq. Çünki burada cəmi bir neçə günüm qalıb. Eyni zamanda mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağıyam. Məni əməkdaşlıq proqramı çərçivəsində dəvət ediblər və universitet tərəfindən çox sıx proqram hazırlanıb. Sabah prorektorla da yüksək səviyyəli görüşümüz olacaq. Buna görə digər bölgələri ziyarət etmək bu dəfə çətin görünür. Amma gələcəkdə yenidən Azərbaycana qayıtmaq, burada yerləşən maraqlı məkanları və Qarabağı görmək istəyərdim”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: