Bakıda Beynəlxalq Web Analitika tədbiri keçirilib – FOTO

Bakıda MeasureCamp Rəqəmsal Analitika mövzusunda ödənişsiz qeyri-konferans tipli tədbir keçirilib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, tədbirdə 160 nəfər iştirak edib.

Bunlar arasında Avropa ölkələrindən gələn mütəxəssislər, yerli ekspertlər və sektora yeni başlayan şəxslər olub.

24 maarifləndirici sessiya çərçivəsində iştirakçılara praktiki, biznes və analitik mövzularda təlimlər keçirilib. Tədbirin baş tutmasında Azərbaycan Rəqəmsal Marketinq İcmasının üzvlərinin xüsusi rolu olub. Belə ki, daha öncə Bratislava və Stokholm şəhərlərində bu tədbirdə iştirak etmiş Kamal Allazov və həmkarı Anar Rüstəmli Azərbaycanda rəqəmsal marketinq sahəsindəki digər peşəkarla birgə tədbirin təşkilatçılığını həyata keçirib.

Tədbirin sessiyaları Google və Facebook kimi qlobal şirkətlərin analitika, rəqəmsal reklam və biznes tətbiqlərinin yerli bizneslərə adaptasiyası ilə bağlı olub. Bu sessiyalarda keçirilən mövzular əsasında iştirakçılar kiçik və orta bizneslərin, eləcə də nəhəng elektron kommersiya şirkətləri üzrə reklam fəaliyyətinin optimizasiyası və məlumat təhlükəsizliyi barədə praktiki biliklər əldə ediblər.

Qeyd edək ki, MeasureCamp Baku qlobal üzrə keçirilən 109-cu tədbir sayılır. 26 şəhərdə keçirilən bu tədbir data analitikası, rəqəmsal marketinq və rəqəmsal avtomatlaşdırma mövzuları üzrə müxtəlif sessiyalardan ibarət olur. Tədbirin konseptinə uyğun olaraq hər bir iştirakçı öz təcrübəsini və ixtisaslaşdığı mövzunu iştirakçılarla bölüşə bilir.