Paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində baş verən yanğın müzakirələrə səbəb olub. Belə ki, bir çoxları Bakıda keçiriləcək beynəlxalq tədbir öncəsi baş verən son yanğınların qəsdən törədildiyini düşünür.
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, yalnız son günlər deyil, bütün dövrlərdə Bakıda yanğın hadisələri baş verir.
O, baş verən yanğınları səhlənkarlıqla əlaqələndirib:
“Konkret olaraq baş verən yanğınlar ya səhlənkarlıq, ya diqqətsizlik, ya da yanğın təhlükəsizlik qaydalarına düzgün şəkildə riayət olunmaması səbəbilə baş verir.
Orxan Musayev
Əsasən də xüsusi riskli yerlərdə. Nəzərə alaq ki, bu gün baş verən yanğın boyaların saxlanıldığı müəssisədə olub. Bu da onu deməyə əsas verir ki, xüsusi yanğına qarşı riski yüksək olan obyektlərdə yanğın təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər gücləndirilməli və bu sahədə nəzarət artırılmalıdır. Baş verən yağın hadisələrinin COP29-la hər hansı bir bağlılığının olmasını düşünmürəm və ehtimal da etmirəm”.
Xatırladaq ki, bir neçə gün öncə Binəqədidə mebel sexində, Xəzər rayonu Binə qəsəbəsində yerləşən restoranda, “20 Yanvar” stansiyasının yaxınlığında ağaclıq sahədə, Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən taxta sexində, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində və bir neçə yerdə yanğın baş verib.
Zaira Akifqızı
Globalinfo.az