Baki 1

Son günlər Bakıda ard-arda baş verən yanğınpartlayış hadisələri sakinlər arasında ciddi narahatlıq yaradıb. Artıq bu hadisələr nəticəsində ölənlər də var. Noyabrın 25-də Fəvvarələr meydanında “Soyuq əllər, isti ürəklər” yarmarkası quraşdırıldıqdan qısa müddət sonra yanğının baş verməsi müzakirələri daha da artırıb. İctimaiyyət yaşananların məsuliyyətsizlikdənmi, yoxsa təxribatdan qaynaqlandığını sorğulayır.

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aqil Abbas deyib ki, hadisələrin əsas səbəbi məsuliyyətsizlikdir:

“Burada heç bir terror aktı ola bilməz. Hüquq-mühafizə orqanları öz işlərinin başındadır, hadisələr araşdırılır. Əgər terror olsaydı, bu barədə dərhal ictimaiyyətə məlumat verilərdi. Qaz sızması və ya elektrik naqilləri ilə bağlı yaranan problemlər nəticəsində partlayış və yanğınlar baş verir. Bunlar isə laqeydlikdən irəli gəlir”.

aqilll

Aqil Abbas

Deputat bəzi qurumların fəaliyyətinə dair iradlarını da diqqətə çatdırıb:

“Baş verən partlayış və yanğınlarda aidiyyəti qurumların da rolu var. Bir çox hallarda işlər düzgün təşkil olunmur. Məsələn, yol qazıntıları zamanı qaz xətti zədələnir və nəticədə partlayış baş verir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza isə hadisələrdə bəzi qeyri-adi məqamların olduğunu qeyd edib:

Resad rza 11

Rəşad Rza

“Müəyyən şübhəli hallar görünə bilər. İstintaq davam edir. Ard-arda baş verən yanğın və partlayışların təsadüf olması da, planlı şəkildə törədilməsi də mümkündür. Yəni həm xaos, həm də qorxu yaratmaq məqsədi istisna edilmir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: