Bakıda avtomobillə vurularaq öldürülən alim dəfn olundu – FOTO

Bakıda avtomobilin vuraraq öldürdüyü İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlu dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhumla qardaşı Akif Acaloğlunun Sabunçu rayonunda yerləşən evində vida mərasimi keçirilib, sonra Maştağa qəsəbəsində, Kəpənəkçi məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Arif Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.

O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.

A.Acaloğlu 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında vəzifəsindən uzaqlaşaraq Türkiyəyə köçüb.

Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb.

O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.