Bakıda ata iki yaşlı övladını və qayınanasını niyə bıçaqlayıb? – QONŞULAR ŞOKDA / VİDEO

Bakıda ata iki yaşlı övladını bıçaqlamaqda şübhəli bilinərək saxlanıb.

Ağır cinayət ötən axşam paytaxtın Səbail rayonu, “20-ci sahə” adlanan ərazidə baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, evlərin birində Yevlax rayon sakini 32 yaşlı Saqi Kərimov 46 yaşlı qayınanası Əminə Əliyevaya yüngül və 2 yaşlı  oğluna isə daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib.

Daha sonra Saqi Kərimov özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralılar dərhal Kliniki Tibbi Mərkəzə aparılıblar.

Xəstəxananın mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib ki, iki yaşlı körpə əməliyyat ediləcək.

Xəbəri eşidən qonşular isə hadisənin şokunda olduğunu deyirlər.

Hadisəni törətməkdə şübhəli bilinən Saqi Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra polis əməkdaşları tərəfindən saxlanıb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.