Bakıda arvadını bıçaqlayan ər intihar edib – YENİLƏNİB

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar.

Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.

***22:03

Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.