Bakı Xankəndini özünə tabe etməkdə qərarlıdır, lakin… – Sərkisyan

Ermənistanda iqtidardan sonra müxalifət də Rusiyaya qarşı çıxışlarını artırmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə Ermənistanın eks-prezidenti Serj Sərkisyanın partiyası bu istiqamətdə fərqlənməyə başlayıb. Laçın yolunun bağlanmasından sonra yaranmış gərgin vəziyyətə görə Paşinyanın öz dayaqlarını gücləndirməsini istəməyən Sərkisyanın bu addımla əhalinin narazı kəsimini öz tərəfinə çəkməyə çalışdığı təxmin edilir.

Ən maraqlı məqam isə daima rusiyayönlü çıxışları ilə seçilən Serj Sərkisyanın ən yaxın adamı Armen Aşotyanın da bu prosesə qoşulmasıdır. Belə ki, dünən İrəvanın Respublika Meydanında keçirilən mitinqdə çıxış edən Armen Aşotyan Rusiya sülhməramlılarına xidmətlərinə görə təşəkkür etməyə utandığını bildirib:

“Bilirəm ki, daha qətiyyətli fəaliyyətlər lazımdır. Bunun üçün isə siyasi qərar mütləqdir. Rəsmi Moskva gərək siyasi qərar qəbul etsin.

Hörmətli rusiyalılar, başa düşürük ki, indi bizi düşünmək imkanınız yoxdur. Bunu bizə deyirsiniz, eyham vurursunuz. Siz məşğulsunuz, başa düşürük, amma anlayın ki, yadınıza düşmək vaxtı çatanda artıq burada olmaya bilərik. Mənim dediklərimin üzərində düşünün”.

Mitinqə gələn Sərkisyan Azərbaycanın Qarabağı özünə tabe etmək istədiyini bildirib. Bununla belə, Sərkisyan adamlarından fərqli olaraq Rusiya sülhməramlılarına qarşı getməyib.

Qeyd edək ki, Sərkisyan əslən Şuşadandır. Onun Qarabağda kifayət qədər geniş biznesi və mühüm dayaqları var. Bakının qara siyahısında olması, eləcə də haqqında cinayət işinin açılması onun Qarabağın Azərbaycanın tam yurisdiksiyasına keçməsindən sonra buraya gəlişini qadağan edəcək.

Zaira Akifqızı
Globalinfo.az