Bakı və Ankaranı dayandırmaq mümkün olmayacaq – Yeni pul vahidi isə…

“BRİKS inkişaf etməkdə olan ölkələrin Qərb hegemoniyasına qarşı yaradılan təşkilatdır və prioritet istiqamətlərdən biri dollar asılılığından xilas olmaqdır”.

Bunu Globalinfo.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Türkiyənin BRİKS-ə üzv olmasına Hindistanın qarşı çıxmasını şərh edərkən deyib.

O bildirib ki, hazırda BRİKS dünya əhalisinin, demək olar, yarısını, dünya iqtisadiyyatının 30 faizə yaxınını, neft hasilatının isə 40 faizdən artığını təşkil edir:

“Eyni zamanda çoxsaylı ölkələr BRİKS-ə qatılmaq üçün müraciət ediblər. Təbii ki, BRİKS-in əsas qurucularından olan Rusiyanın məqsədi də təşkilatın mümkün qədər genişlənməsidir. Təşkilat dünya iqtisadiyyatının nə qədər çox hissəsini əhatə edərsə, Qərb hegemoniyasına qarşı bir o qədər güclü olar və dollar imperializminin çöküşü sürətlənər. Doğrudur, BRİKS üzvü olan ölkələr bir-biri ilə kəskin fərqlənən iqtisadi sistemə sahibdirlər. Bu səbəbdən də dollara qarşı vahid valyutanın yaradılması çətin görünür. Amma nəzəri cəhətdən mümkündür və praktiki mexanizmlərin hazırlanması da qaçılmaz olacaq”.

Əli Zülfüqaroğlu

Ekspert qeyd edib ki, təşkilatın əsas üzvləri arasında Hindistanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə yaxınlığı müəyyən suallar doğura bilər:

“Xüsusilə Hindistanın gələcəkdə hansı mövqe tuta biləcəyi, yaxud təşkilatın inkişafını ləngidəcəyi ilə bağlı müəyyən versiyalar səsləndirmək olar. Bu baxımdan hesab edirəm ki, Türkiyənin BRİKS-ə üzvlüyünə Hindistanın qarşı çıxması da bundan qaynaqlanır. Çünki Türkiyə qlobal savaşda balansa həlledici təsir edə biləcək ölkədir: G20-də təmsil olunur, NATO-nun əsas ölkələrindən biridir və strateji əhəmiyyət daşıyan coğrafi mövqedə yerləşir. Qərb maksimum çalışır ki, Türkiyə müstəqil siyasət yürütməsin, Yaxın Şərq daxil olmaqla onun planlarına öz maraqlarını qurban verərək maneə yaratmasın və qlobal cəbhələşmədə Qərbin yanında olsun. Amma bu gün Türkiyənin milli təhlükəsizliyini təhdid edən NATO-dakı “müttəfiqi” ABŞ-dır.

Türkiyəyə qarşı terror təşkilatları yaradan, maliyyələşdirən və idarə edən, Suriya və İraq ərazisində separatizmi alovlandıran və terror dövləti qurmaq istəyən məhz Vaşinqtondur. Buna görə də Türkiyə Qərbin, yumşaq desək, riyakar siyasətindən boğaza yığılıb və xarici siyasətini öz maraqlarının diktə etdiyi istiqamətdə qurur. Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir sıra məsələlərdə müəyyən məsələləri koordinasiya edir və bir-birinə dəstək verirlər. Hesab edirəm ki, BRİKS-ə üzvlük yolunda Azərbaycan və Türkiyənin aydın mövqeyi var və buna maneə yaratmaq mümkün olmayacaq”.

Turan Rzayev
Globalinfo.az