“Dünya Şəhərsalma Forumu çərçivəsində təhsil və tədqiqat mövzusuna həsr olunmuş xüsusi panel təşkil olunmuşdu. Panelin əsas məqsədi dünya alimlərini və tədqiqatçılarını urbanistika məsələlərinə daha fəal şəkildə cəlb etmək, şəhərsalma sahəsində elmi tədqiqatların rolunu müzakirə etmək idi”.
Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Fariz İsmayılzadə WUF13 çərçivəsində açıqlaması zamanı deyib.
O qeyd edib ki, panel zamanı alimlər daha çox data toplanmasının əhəmiyyətindən danışdılar:
“Müasir dövrdə əsas problemlərdən biri statistik məlumatların və etibarlı datanın çatışmazlığıdır. Bu baxımdan, məlumatların hansı metodoloji yanaşmalarla daha düzgün şəkildə toplanması və şəhərsalma siyasətində necə istifadə olunması əsas müzakirə mövzularından biri oldu.
Vurğulandı ki, texnoloji yeniliklər, iqlim dəyişiklikləri və əhali artımı şəhərlərin gələcək inkişaf modelini formalaşdıran əsas amillərdəndir. Bu baxımdan universitetlərin və tədqiqat mərkəzlərinin üzərinə mühüm vəzifələr düşür. Onların apardıqları araşdırmaların təkmilləşdirilməsi şəhərsalma işlərinin daha effektiv, dayanıqlı və düzgün şəkildə həyata keçirilməsinə imkan yarada bilər”.
Deputat deyib ki, World Urban Forum Azərbaycan üçün böyük diplomatik uğur hesab oluna bilər:
“Çünki forumda 190-a yaxın ölkənin nümayəndələri iştirak edir və Azərbaycan bu platforma vasitəsilə müxtəlif dövlətlərlə yeni əməkdaşlıq imkanlarını müzakirə edir. Eyni zamanda, belə beynəlxalq tədbirlər Azərbaycanın diplomatik əlaqələrinin genişlənməsinə, yeni tərəfdaş və müttəfiqlərin qazanılmasına mühüm töhfə verir. Bu münasibətlər gələcəkdə beynəlxalq təşkilatlarda, xüsusilə də BMT çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın mövqeyinin dəstəklənməsi baxımından da əhəmiyyət daşıyır”.
Zaira Akifqızı
Globalinfo.az