“Dünən Bakı səmasında dronların müşahidə olunmasına baxmayaraq, aidiyyəti qurumlar rəsmi açıqlama verməyib. Bu vəziyyət insanlar arasında ciddi narahatlıq yaradıb. Halbuki Konstitusiyamızda informasiya əldə etmək hüququ ilə bağlı qanun mövcuddur”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, belə hallarda ictimaiyyəti operativ şəkildə məlumatlandırmaq dövlət orqanlarının vəzifəsidir:
“İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda da qeyd olunur ki, dövlət siyasəti informasiya sahəsində təhlükəsizliyin təmin edilməsinə yönəlməlidir. Geniş rezonans doğuran hadisələrlə bağlı məlumat verilmədikdə çoxsaylı şayiələr yayılır. Bu isə dövlətin və dövlət orqanlarının nüfuzuna xələl gətirə bilər. Buna görə də müvafiq dövlət qurumları öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər”.
Qeyd edək ki, Müdafiə Nazirliyi narahatlığa heç bir əsas olmadığını açıqlayıb. Teleqram kanalları isə quruma istinadən dronların Ordumuza məxsus olduğunu, müşahidə məqsədilə havaya qaldırıldığını bildirib.
Safura Bənnayeva
Globalinfo.az