Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.
Bu barədə Globalinfo.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb.
Məlumata görə, bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.
Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.
Məlumatda qeyd olunub ki, bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilir.