
Erməni təbliğatı tərəfindən Avropa və ABŞ-da Holokost mövzusundan istifadə edilməsinə və Azərbaycanın mənfi obrazının yaradılmasına qarşı yəhudi din xadimlərinin kampaniyasının təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda sinaqoqa hücumdan sonra yenidən Ermənistan yəhudilərinə müraciət edib.
Globalinfo.az-ın məlumatına görə, bu barədə ravvin öz feysbuk səhifəsində bildirib.
“Bir neçə həftə əvvəl mən xəbərdarlıq etmişdim ki, Ermənistanda qalmaq yəhudilər üçün təhlükəlidir. İsrailin Diaspor Nazirliyi keçən ay iki dəfə yəhudilərə qarşı zorakılıq ehtimalını qeyd edib”, – ravvin vurğulayıb.
Onun sözlərinə görə, erməni rəsmiləri və ictimai xadimlərinin antisemit və anti-İsrail ritorikası sinaqoqun hücumuna səbəb olub, çünki nifrət nitqi zorakılığa gətirib çıxarıb.
İsayev yenidən yəhudiləri çox gec olmadan Ermənistanı tərk etməyə çağırıb və kömək etməyə hazır olduğunu təkrarlayıb.