Bakının bu ərazisində ödənişli yol salınmalıdır – TƏKLİF

“Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk. Bunun bir çox aspektlərdə ciddi faydaları olacaq, amma sərhədlər açılmasa, yolun rentabelli fəaliyyəti sual altında qala bilər”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspert paytaxtda sıxlığın azalması üçün yeni ödənişli yolun tikintisinin vacib olduğunu qeyd edib:

“Alternativi olan ödənişli yolların tərəfdarıyam, amma bir şərtlə ki, bu ödənişli yoldan istifadə edənlərin sayı artsın deyə alternativ olan ödənişsiz yolların baxımsız hala gətirməsinə səbəb olmamalıdır.

Hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə daha çox ehtiyac var. Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın “rahat nəfəs alması” üçün önəmli layihə olardı. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalana bilərlər. Eyni zamanda layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər. Sonrakı uzun illər boyu da davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar”.

“Yenə dönürük əsas məsələyə: amma bir şərtlə ki, ödənişsiz yollar baxımsız saxlanılmamalıdır. Əks halda bu ödənişli yoldan istifadə edənlərin də sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir”-deyə, ekspert bildirib.

Ayşən Mustafa
Globalinfo.az