“Bizim Azərbaycanla tərəfdaşlığımız 1990-cı illərin əvvəllərinə, böyük Marqaret Tetçerin dövrünə təsadüf edir. Hətta bu gün də 1990-cı illərdən bəri ümumi göstəricilərə nəzər salsaq, Azərbaycanın ən böyük birbaşa xarici investoru Birləşmiş Krallıq olub”.
Bu sözləri Globalinfo.az-ın əməkdaşının sualını cavablandıran Böyük Britaniya Lordlar Palatasının üzvü, lord Tariq Əhməd (Tariq Lord Ahmad of Wimbledon) deyib.
O bildirib ki, bu münasibətlər energetika sahəsində, xüsusən də BP ilə bağlıdır:
“Düşünürəm ki, energetika aydın görünən istiqamətlərdən biridir. Lakin bu gün konfransda eşitdiklərimiz, eləcə də Birləşmiş Krallığın xarici işlər naziri olduğum vaxtlardakı şəxsi təcrübəmdən bildiyim odur ki, alternativ və davamlı texnologiyalara, “yaşıl” texnologiyalara da investisiyalar qoyulur”.
Lordlar Palatasının üzvünün fikrincə, Birləşmiş Krallığın investisiyaları ilə hər iki ölkə davamlı enerji mənbələrinə, “yaşıl” enerjiyə böyük diqqət yetirir:
“Mən də indi müxtəlif şirkətləri təmsil edirəm və idarə heyətlərində yer alıram. Biz “yaşıl” gündəliyin bir hissəsi kimi infrastruktur layihələrinə baxırıq. Azərbaycanla nəqliyyat kimi sahələrdə necə əməkdaşlıq edə bilərik? Biz dəfələrlə “Orta Dəhliz” sözlərini eşitmişik. Bu, bağlantı deməkdir. Düşünürəm ki, dəmir yolu və avtomobil yolu vasitəsilə əlaqə yaradan infrastruktur layihələri vacibdir. Mövcud münaqişə böhranında, Bab əl-Məndəb və Hörmüz boğazının xüsusi olaraq hədəf alındığını gördüyümüz bir vaxtda, bu, bizə imkan yaradır”.
Lord Tariq Əhməd deyib ki, Bakının bir liman kimi təmin edə biləcəyi imkanlar həqiqətən də fenomenaldır:
“Düşünürəm ki, bunlar yeni imkanlar açır. Dediyim kimi, məsələyə Birləşmiş Krallıq prizmasından baxsaq, biz Azərbaycanın uzunmüddətli tərəfdaşları və dostlarıyıq. Azərbaycana investisiya qoymaq bizim üçün yeni bir şey deyil”.
Zaira Akifqızı
Globalinfo.az