mina 0

“Kəlbəcərdə mina partlayışı nəticəsində daha 3 vətəndaşımızın yaralanması bir daha göstərir ki, Ermənistanın işğal və təcavüz siyasətinin nəticəsi olaraq 30 illik münaqişə başa çatsa da, İrəvan mina terroru fonunda müharibə cinayətlərini davam etdirir”.

Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov işğaldan azad edilmiş ərazilərdə mina partlaması nəticəsində xəsarət alan vətəndaşlar haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq üç ildir, sülh ritorikasına üstünlük verir:

“Lakin minaların daha çox keçmiş təmas zonasında, “müdafiə” xətlərində yox, dinc insanların üz tuta biləcəyi yollar, bulaqlar, çaylar, qəbiristanlıqlar və məscidlərin yaxınlığında, eləcə də evlərin dağıntıları arasında yerləşdirilməsi, minalanmanın Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinin bir hissəsi olduğunu göstərir.

behruz
Bəhruz Məhərrəmov

“Bu mənada, biz hələ də mina xəritələrini gizlədən İrəvanın, yaxud müharibə cinayətlərinə 30 il susan “beynəlxalq ictimaiyyətin” insafına ümid edə bilmərik. Məlumdur ki, Azərbaycan öz hesabına, heç bir kənar yardım olmadan Livan dövləti ölçüsündə bir ərazini təkbaşına təmizləməkdədir. Həmçinin 2023-cü il martın 2-də Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə mina təhlükəsi ilə mübarizə 18-ci dayanıqlı inkişaf məqsədi elan edilib. Mina çirklənmələri ilə mübarizə və minaların istehsalını qadağan edən çoxsaylı konvensiya və proqramların qəbuluna, xüsusən Ottava, Oslo, Brüssel konvensiyaları ətrafında təbliğata milyonlar xərcləyən qlobal subyektlər və özünü beynəlxalq ictimaiyyət adlandıran tərəflər isə bu prosesə nəinki faktiki töhfə vermir, əksinə, İrəvana mina xəritələrini verməsi istiqamətdə təzyiq göstərməməklə cəzasızlıq mühiti təşviq edirlər. Hətta 2022-ci ildə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minaları aşkarlamaqla Ermənistanın piyada əleyhinə mina istehsal edən azsaylı dövlətlərdən biri olduğunu dünyaya nümayiş etdirsək də, aidiyyəti təsisatlar bu prosesi görməzdən gələrək nə qədər ikiüzlü və riyakar mövqe tutduqlarını nümayiş etdirdilər. Bu mənada, əminliklə demək olar ki, mina təhlükəsi ilə mübarizədə beynəlxalq ictimaiyyətin hansısa təşkilatlanmış və ardıcıl fəaliyyətinə ümid etmək ən azı indiki situasiyada sadəlövhlük olar”.

B.Məhərrəmovun fikrincə, indiki halda yeganə ümidimiz yenə də dövlətimizin gücü, imkanları və prezidentimizin qətiyyətinə qalıb:

“Hər kəs əmin ola bilər ki, Azərbaycan özünün suveren maraqlarını və beynəlxalq hüququ rəhbər tutaraq mina terrorunun nəticələrinin aradan qaldırılması və bu cinayətlərə görə təqsiri olan hər kəsin cəzalandırılmasını təmin edəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: