Bakı bulvarında qız üstündə qanlı dava – TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 19 iyul tarixində Səbail rayonu ərazisində – Bakı bulvarında qız üstündə bıçaqlanma hadisəsi törətmiş 2004-cü il təvəllüdlü Kənan Səlimovun məhkəməsi başa çatıb.

Globalinfo.az xəbər verir ki, məhkəmə prosesində hadisənin təfərrüatları üzə çıxıb. Məlum olub ki, Kənan Aysel adlı qızla sevgili olub. Daha sonra o, Ayselin keçmiş sevgilisi olan Şamxalın onun barəsində xoşagəlməz sözlər danışdığını eşidib. Kənan Şamxalın nömrəsini taparaq onunla görüşmək istədiyini deyib. 19 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində hər iki gənc Neftçilər prospekti 92 ünvanında olan “ParkBulvar” ticarət mərkəzinin arxasında görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb Kənan qisas almaq məqsədilə üzərindəki bıçaqla Şamxalın sağ qol və döş qəfəsi nahiyəsinə 2 dəfə zərbə vurub. Nəticədə Şamxal ağır xəsarətlər alıb, onun döş qəfəsi boşluğuna çoxlu qanaxma (350 ml) ilə müşayiət olunan xəsarət yetirilib. Ətrafdakı şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılan gəncin həyatı xilas edilib.

Hadisəni törədən Kənan Səlimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçriilən prosesdə bıçaqlanan şəxs Kənandan şikayətçi olmayıb. Məhkəmə K.Səlimovun 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib.

Malik

Globalinfo.az