Bakı bu ssenariyə əl ata bilər? – Ermənistandakı aksiyalar nəzarətdən çıxarsa…

Ermənistanda etiraz aksiyaları yenidən şiddətlənib. Belə ki, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları dünəndən start götürüb.

Bəzi ekspertlər iddia edir ki, aksiyalar daha da şiddətlənəcək və Ermənistan Baş naziri Nikol Paşinyan istefa verməli olacaq. Ekspertlər rəsmi Bakının prosesə müdaxilə etməli olduğunu da deyir.

Azərbaycanın Ermənistandakı aksiyalara hansısa formada təsir göstərməsi mümkündürmü? Rəsmi Bakı Paşinyana nə kimi dəstək verə bilər?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, rəsmi Bakının Nikol Paşinyana dəstək verməsi üçün hər hansı bir əsas, zəmin olduğunu, bütövlükdə isə buna ehtiyac duyulduğunu düşünmür:

“Nikol Paşinyanın, istər Azərbaycanla son razılaşmalar zamanı nümayiş etdirdiyi mövqe, həm də “real və tarixi Ermənistan” mövzusunda səsləndirdiyi fikirlər, onun siyasi baxışlarından deyil, özünün və ölkəsinin mövcud durumundan qaynaqlanır. Yəni əgər Paşinyanın imkanı olsaydı, o, nəinki Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin, hətta bir metrlik sərhəd zolağının belə Azərbaycana qaytarılmasına razı olmazdı. İndiki halda, 44 günlük müharibədən öncə “Qarabağ Ermənistandır” deyən Paşinyan və bütövlükdə onun təmsil etdiyi ölkə buna məcburdur.

Nikol Paşinyan

Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, hazırda bir sıra Qərb ölkələri, ö cümlədən ABŞ və Fransa, Nikol Paşinyana açıq dəstək verir və onun hakimiyyətdə qalması üçün əllərindən gələni əsirgəmirlər. Bu ölkələrin Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə, 44 günlük müharibə və lokal antiterror tədbirləri zamanı sərgilədikləri ədalət prinsiplərinə zidd əməllər gözümüzün önündə baş verib.

Bu ölkələr işğalın davam etməsi və Azərbaycanı təslimçi sülhlə barışdırmaq üçün üçün bacardıqları nə varsa, ediblər. Paşinyanın hakimiyyətə gətirilməsində də məqsəd Azərbaycan torpaqlarının ilhaq etmək idi”.

Politoloq deyib ki, Qərb siyasi texnoloqlarının “şinelindən çıxmış” Paşinyanın hakimiyyətə gətirilməsi ssenarisi, Ermənistanın iddialarının qismən də olsa reallaşdırılması üçün düşünülmüşdü:

“44 günlük müharibə və daha sonrakı proseslər bütün bu siyasi texnologiya elementlərinin perspektivini sıradan çıxardı.

Hazırda Ermənistanda baş verən etirazlar Nikol Paşinyanın legitim yolla hakimiyyətdən uzaqlaşdırılması üçün yetərli deyil. Hakimiyyətin qeyri-legitim vasitələrlə qəsb edilməsi isə o deməkdir ki, Ermənistanın himayəçiləri bu ölkəyə əvvəlki kimi dəstək verə bilməyəcəklər. Nəticədə isə hakimiyyəti qəsb edənlər daha ağır şərtlər altında sülh müqaviləsi imzalamaq məcburiyyətində qalacaqlar.

Ermənistanda hakimiyyətin qeyri-legitim yollarla mənimsənilməsi bu ölkəni daha da zəiflədəcək və bölgə ölkələrindən, o cümlədən Azərbaycandan daha asılı vəziyyətə salacaq. Prinsip etibarilə, Qərbin sevimli “marionet”i Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, Azərbaycanın hədəfləri və milli maraqları ilə bağlı fundamental dəyişiklərərə yol açmayacaq. Hər iki halda Ermənistan sülhə məcbur və məhkumdur”.

Turan Rzayev
Globalinfo.az