Bakı Avropanı qarışdırıb – Paris Berlinə “müharibə” elan etdi

Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsu tənqid edib. Belə ki, Fransa lideri hesab edir ki, alman həmkarında “cəsarət və ambisiya yoxdur”. Üstəlik, Makron Şoltsu “düşünə bilməyən lider” kimi xarakterizə edib.

İki lider arasındakı bir müddətdir Ukraynadakı münaqişənin gedişinə dair fikir ayrılıqları var idi. Berlində baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bu ziddiyyət daha da artıb.

Paris-Berlin gərginliyi nə qədər davam edəcək? Bu gərginlik Aİ və NATO-ya necə təsir edəcək?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Fransa Prezidenti Emmanuel Makron özünün məntiqsiz açıqlamaları ilə Avropanı da çətin vəziyyətdə qoyur:

“Makron Fransanı Avropanın lideri kimi təqdim etməyə çalışır, ancaq bu niyyəti boşdur. Nə Almaniya, nə digər aparıcı ölkələr belə bir şansı Fransaya verməyəcəklər.

Fransa hər dəfə bunu arzu edib. Makrondan əvvəl də belə cəhdlər edilib. Almaniya kansleri Olaf Şoltsun Makronu tənqid etməsi həm iki dövlət arasındakı rəqabətin nəticəsi, həm də Makronun Ukraynaya qoşun göndərəcəyini bəyan edərək Avropanı çətin vəziyyətə salmasına edilən etirazdır.

Ukraynaya qoşun göndərmək çox riskli bir hərəkətdir. Putinin son çıxışı da göstərdi ki, Rusiya ora göndəriləcək üçüncü qüvvəni məhv etmək niyyətindədir. Hansısa bir ölkənin nümayişkəranə şəkildə Ukraynaya qoşun göndərməsi bu odun üstünə benzin tökmək kimi bir hadisə olacaq. Bu, müharibəni daha da alovlandıracaq və Ukraynada Suriyadakı hadisələrin cərəyan etməsinə səbəb olacaq. Buna görə Ukraynaya müdaxilə bu dövlətin rəhbərliyinin özünün də istədiyi bir addım deyil”.

Emmanuel Makron

Politoloq deyib ki, Makron son zamanlar xarici dövlətlərin işlərinə kəskin müdaxilə etmək istəyir:

“Ancaq Fransa dövlət başçısı öz ölkəsindəki ağır sosial – iqtisadi vəziyyətə nəzarət etmir. Fransada müxtəlif sahələrdə böhran hökm sürür. Fermerlərin son etirazını gördük. Bu, Avropanın ən böyük fermer etirazlarından biri idi. Məsələnin ən acınacaqlı tərəfi budur ki, Makronun bu təşəbbüsü heç Avropada dəstək tapmadı. Heç bir müttəfiqi onun bu təşəbbüsünə dəstək vermədi.

Açıq deyək ki, Fransa lideri Avropanın ən qeyri-ciddi siyasətçilərindən biri kimi tanınır. Şoltsun ona qarşı olan tənqidi əsas məsuliyyət məsələsi ilə bağlıdır. Makronun məsuliyyətsiz hərəkətləri və açıqlamaları öz ölkəsində də tənqid hədəfidir. Çox təəssüf ki, bir vaxtlar Şarl de Qoll, Jorj Pompidu, Fransua Mitteran və Jak Şirak kimi təcrübəli siyasətçilərin oturduğu kresloda indi belə bir məsuliyyətsiz, öz müttəfiqləri tərəfindən belə tənqid edilən şəxs oturub. Avropanın ictimai-siyasi həyatının hazırda ən böyük problemi lider böhrandır. Təəssüflər olsun ki, Avropa lider böhranı yaşayır”.

Turan Rzayev
Globalinfo.az