“Azərbaycan son proseslər fonunda elə bir diplomatik nəticəyə nail oldu ki, bu, heç bir tərəfə lazım olmayan, hər bir tərəfin isə ehtiyac duyduğu zərurətə çevrildi. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin mahiyyətini nümayiş etdirir”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirin ki, Azərbaycan erkən tədbirlər və dialoq-əməkdaşlıq mexanizmləri vasitəsilə dövlətin sülhün və təhlükəsizliyin qarantı, eyni zamanda iqtisadi və sosial inkişafın asanlaşdırıcısı kimi rolu daha da gücləndirilə biləcəyini sübut edir:
“Bu kontekstdə Azərbaycan münaqişə tərəfləri arasında dialoq platforması yaradaraq danışıqlar yolu ilə problemlərin idarə olunmasına xidmət edən təşəbbüslərin mühüm iştirakçısı kimi çıxış edir.
Dərhal reaksiya, vaxtında irəli sürülən təşəbbüslər, keçmiş təcrübə, tarixi dərslər, institusional tənzimləmələr və strateji vizyon sistemli şəkildə öz nəticəsini verdi. Dəqiq ifadə etsək, Azərbaycan artıq diplomatiyada beynəlxalq münaqişə və böhranların idarə olunmasının keyfiyyətini və effektivliyini artırmağa qadir olan beynəlxalq münasibətlər sisteminin dövlət subyektidir.
Əldə olunan nəticə sadəcə Azərbaycanın deyil, digər tərəflərin də potensialının daha gücləndirilməsini, düzgünləşdirilməsini stimullaşdırmaq üçün yeni imkanlar yaradır.
Azərbaycan qətiyyətli addımlar atmaqla yanaşı, paralel şəkildə sakit diplomatiya vasitəsilə gərginliyin qarşısını alan, siyasi təzyiqi və hərarəti aşağı salmağı əsas məqsəd kimi müəyyənləşdirən aktor kimi çıxış edir. Bu yanaşma regional və qlobal konsorsiumun formalaşmasına xidmət edən mühüm təşəbbüs xarakteri daşıyır.
Bir tərəfdə Azərbaycan–İsrail strateji tərəfdaşlığı, digər tərəfdə isə siyasi terminologiyaya belə ehtiyac duymayan, mahiyyəti ilə özünü təsdiqləyən Azərbaycan–Türkiyə dəyişməzliyi dayanır. Məhz bu balans Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biridir”.

Şəbnəm Həsənova
Politoloq qeyd edib ki, Azərbaycan qərarlarında tam müstəqilliyini qoruyaraq ortaq məqsədə nail olmaq üçün resursları birləşdirən və əməkdaşlıq etməyi bacaran dövlətdir:
“Atılan istənilən addım problemin mahiyyətindən uzaqlaşmamağı, əksinə, onun funksiyalarını və tipologiyasını nəzərə almağı zəruri edir. Tarixi verin tarixçilərə, hələ çox faktları da üstəlik. Məhz buna görə də elmi və tarixi mənbələrə əsaslanaraq münaqişə, hətta mübahisə fenomenini anlamaq və qiymətləndirmək xüsusi əhəmiyyət daşıyır. Siyasi alətlərdən uzaq durmaq qızıl qaydasını unutmamaqla. Çünki tarix özünü gələcəkdə əks etdirir. Eyni zamanda gələcək də indiki zamana söykənərək formalaşır və onu əks etdirəcək. Buna görə zaman anlayışı son dərəcə mühüm amildir.
Məhz bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin “erməni soyqırımı” iddiasını tanıması məsələsinə zamanında, yeganə və operativ reaksiya verən tərəf oldu. Bu, hər bir tərəfin mətbəxində olanlara da dərs olmalıdır. İndi və zamanında atılan addımlar qarşıdakı danışıqlar prosesinə, bütövlükdə isə gələcəyin işıqlı və ya qaranlıq mənzərəsinə proyeksiya olunur.
Məsələnin mahiyyəti bütün tərəflərə mənfi təsir göstərərsə, bunun ucu Azərbaycan–İsrail münasibətlərinə də toxuna bilər. Hazırkı mərhələdə istənilən potensial təhlükənin tərəfləri yanlış qərarlara və strateji səhvlərə sövq etməsi mümkündür. Qısamüddətli itkilər, hətta müəyyən və cüzi gecikmələr belə addımların atılmasını istəməməyə səbəb ola bilər.
Lakin gələcəklə bağlı müsbət proseslərin formalaşması məhz bu gün atılan ahəngdar addımlardan asılıdır. Buna görə də hadisələrin gedişini düzgün qiymətləndirmək vacibdir. Tələsmək olmaz, gecikmək isə ümumiyyətlə yolverilməz idi. Azərbaycan kritik məqamda da proseslərin nəbzini əlində saxlamağı bacardı”.
Turan Rzayev
Globalinfo.az