Bahar Muradova Tehrana niyə gedib? – Millət vəkili detalları açdı

“Azərbaycan bütün dünya xalqları ilə sülh şəraitində yaşamağı və bu istiqamətdə əməkdaşlıq etməyi konstitusion niyyət kimi bəyan edib. O cümlədən də qonşu dövlətlərlə, hətta ərazilərimizi 30 il işğalda saxlamış təcavüzkar Ermənistanla belə, müşahidə edirsinizsə münasibətlərin yaxşılaşdırılması və yekun sülh müqaviləsinin imzalanması istiqamətində çox ciddi səylər göstəririk”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın İranla bağlı hansısa beynəlxalq hüquqazidd niyyəti və iddiaları yoxdur:

“Azərbaycanın tələbləri yalnız beynəlxalq hüquqa və onun prinsiplərinə söykənir. Aramızdakı mövcud gərginlik isə yalnız İranın molla rejiminin təcavüzkar, ikiüzlü, riyakar siyasətindən qaynaqlanır. Amma bir daha deyirik, biz istənilən vaxt İranla dialoqa və eyni zamanda münasibətlərin normallaşdırılmasına hazırıq. Sadəcə İran özü minimum insan haqlarının tələb etdiyi standartlara hörmətlə yanaşmalıdır. Bizim 30 milyondan artıq soydaşımızın haqlarını tanımalı, onlara ana dilində təhsil imkanı yaratmalı, eyni zamanda İran ərazisindəki digər millətlərə göstərilən münasibət bu ölkənin böyük çoxluğu olan azərbaycanlılara da göstərilməlidir”.

B.Məhərrəmovun sözlərinə görə, B.Muradovanın Tehrana səfəri razılaşdırılıb:

“Əlbəttə, biz tarixi ortaq dəyərlərimiz və çox böyük ortaq keçmişimiz olan İranla münasibətlərin pis olmasını arzulamırıq. Dövlət Komitəsinin sədrinin İran səfəri də təbii ki, özfəaliyyət yox, planlaşdırılmış, razılaşdırılmış səfərdir. Biz münasibətlərin normallaşmasına xidmət edəcək, bunun üçün imkan yaradacaq müstəvidən yararlanmağa çalışırıq. Amma bizim siyasətimiz, tələblərimiz və prinsiplərimiz dəyişməzdir,  beynəlxalq hüquqa əsaslanmaqla bərabər eyni zamanda regionun bütövlükdə rifahına hesablanıb”.

Zaira Akifqızı
Globalinfo.az