aparici

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz Əkbər, Zaur Nəbioğlu kimi tanınmış aparıcıların verilişlərinin yayımı dayandırılıb. 

Bu verilişlər başqa ad altında efirə qayıda bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin mədəniyyət komitəsinin üzvü, deputat Cavanşir Feyziyev deyib ki, uzun müddətdir həmin aparıcıların efirdən təqdim etdiyi proqramlar tamaşaçıların narazılığına səbəb olurdu:

“Qeyri-peşəkar və bayağı şəkildə hazırlanan, çox aşağı səviyyəli bu verilişlər sadəcə efir vaxtını doldurmur. Eyni zamanda, ictimai şüura mənfi təsir göstərir, tamaşaçı zövqünü zədələyir və kütləvi-mədəni səviyyəni aşağı salırdı. Müzakirəyə çıxarılan məsələlər ictimai maraq kəsb etmir və bir çox hallarda kütləvi ikrah hissi doğururdu. Bütün bunlara görə həmin verilişlərin bağlanması təbii və gözlənilən idi. Bunu müvafiq qurumların ictimai sifarişi yerinə yetirməsi hesab etmək olar”.

cavansir

Cavanşir Feyziyev

Deputat bildirib ki, eyni formatlı və məzmunlu verilişlərin yenidən efirə qayıdacağı ehtimal olunmur:

“Bu kimi etika və estetikadan uzaq proqramlara sponsorluq edənlər isə Azərbaycan cəmiyyətinin mədəni inkişafına yox, onun mədəni-mənəvi dəyərlərinin aşınmasına çalışan adamlardır. Onlar eyni məqsədlə yenidən efirə yol axtarsalar, o zaman belə sponsorlarla Milli Təhlükəsizlik orqanları məşğul olmalıdır. Bu cür reklamın arxasında hansı məqsədlərin və hansı qüvvələrin dayandığı araşdırılmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: