Babayan ilk dəfə açıqladı: “Bu əraziləri Bakıya verməyə razılaşdıq”

Xankəndidəki qondarma rejiminin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan yenidən Bakıya güzəştə gedilməsi təklifi ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, o hər kəsin bunu bildiyini, amma danışmaq istəmədiyini vurğulayıb.

Babayan Ermənistan və separatçı rejimin Bakının bəyanatlarını təkzib edən sistemə çevrildiyini söyləyib. Separatçıların nümayəndəsi indi Bakı ilə danışıqlarda hansısa güzəştə getməyəcəkləri təqdirdə hər şeyi itiricəklərini bildirib.

Babayan yaydığı bəyanatda həmçinin 1997-ci ilin noyabrında Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla necə görüşdüyünü və onunla Bakıya hansı əraziləri güzəştə gedilməsi barədə danışdığını ilk dəfə dilə gətirib:

“Hər kəs bilirdi ki, bu konflikt güzəştlərlə bitməlidir. Üstəlik, Ermənistan da bütün danışıqları güzəştlər ətrafında aparırdı. Başqa variant sadəcə yox idi. Bununla belə bəyan edirdilər ki, heç bir güzəşt olmayacaq, bir qarış belə torpaq verməyəcəyik. Belə situasiya indi də hakimdir. Onlar hər şeyi satmağa, insanları qaçqın etməyə hazırdırlar, amma istəmirlər ki, bütün danışıqların torpaqların verilməsi ətrafında getməsi ictimaiyyətə sızsın. Əgər bacarırlarsa, qoy bunu təkzib etsinlər”.

İlkin Həsənov
Globalinfo.az