Övladı ilə birgə özünü dənizə atan anadan xəbər var

Xəbər verildiyi kimi ötən gün Bulvarda qadın azyaşlı övladı ilə birgə intihara cəhd edib. Qadın və azyaşlı uşağı dənizə tullanıb.

Globalinfo.az bizim.media-ya istinadən bildirir ki, uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb. Qadın isə FHN-in xilasediciləri tərəfindən dənizdən çıxarılıb. Hər ikisi xəstəxanalardan birinə yerləşdirilib.

Bu gün azyaşlının atası uşağı xəstəxanadan çıxararaq özü ilə aparıb. Qadın isə müalicəsini xəstəxanada davam etdirir.

Bu barədə saytımıza məlumat verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, qadının müvəqqəti də olsa sığınacağa yerləşdirilməsini istəyir. O, deyib ki, sabah ilk olaraq bu işlə məşğul olacaq. Qadının vəziyyətinin qiymətləndirilməsindən asılı olaraq onun sığınacağa gətirilməsi təmin olunacaq.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) isə intihara cəhd edən qadının vəziyyətini açıqlayıb.

TƏBİB-dən saytımıza bildirilib ki, qadın hazırda Kliniki tibbi Mərkəzdə müalicəsini davam etdirir:

“Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə boğulma təhlükəsi ilə üzləşən ana və azyaşlı körpəsi təcili tibbi yardım avtomobili ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.

Gətirilərkən vəziyyəti stabil olan ana və uşaqda heç bir ciddi patologiya aşkar olunmayıb. Hər iki şəxsə lazımi tibbi müayinələr aparılıb. Azyaşlı ambulator müalicə üçün evə buraxılıb. Ananın müalicəsi isə davam etdirilir. Vəziyyəti stabildir”.