“Azərsu” Bakını hepatitə yoluxdurur? – Paytaxt əhalisi böyük təhlükə qarşısında

Bakının Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında ötən ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Məlumatda diqqətçəkən məqam odur ki, virusun “Azərsu” ASC-nin xətlərində və rezervuarlarında aşkarlandığı deyilir.

Gigiyena və Epidemiologiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir.

Sitat: “Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib”.

Bunun qarşısı necə alınmalıdır?
Ümumiyyətlə, Hepatit “A” virusu təhlükəlidirmi?

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib ki, Hepatit “A” qorxulu virus deyil.

Rəşid Mahmudov 

Onun sözlərinə görə, bu xəstəlik su vasitəsilə də yayıla bilir:

“Suya vaxtında xlor vurmaq lazımdır. Xlor olmasa da, hidrogen peroksid əlavə etmək və ya ultrabənövşəyi şüadan keçirmək lazımdır. Bu xəstəliyin mikrobu suda çox olur. Ona görə də, sular təmizlənməlidir. Çox adam hepatit virusuna yoluxur, tez də sağalır”.

R.Mahmudov deyib ki, hepatit virusu yalnız su vasitəsilə ötürülmür:

“Hepatit elə bir virusdur ki, eyni qabda yemək yeməklə yoluxmurlar, amma qan vasitəsilə yoluxmaq olur. Məsələn, xəstəliyi olan şəxsə vurulan iynəni başqası üçün istifadə etsək, sağlam adam dərhal o xəstəliyə yoluxacaq. Tək bu deyil, hepatit xəstəlikləri bəzi aparatlardan da keçir”.

Zaira Akifqızı
Globalinfo.az