Azərpaşa Nemətov vəfat etdi – YENİLƏNDİ

Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb.

Qeyd edək ki, Azər Paşa Zəfər oğlu Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1965-1970-ci illərdə Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti, sonra isə quruluşçu rejissor işləyib. İlk dəfə A.Aleksin “Qardaşım klarnet çalır” əsərini Gənc Tamaşaçılar Teatrının rus bölməsində tamaşaya qoyub.

1973-1978-ci illərdə Sankt-Peterburqun Gənc Tamaşaçılar Teatrında çalışmaqla yanaşı, Leninqrad Dövlət Teatr, Kino və Musiqi İnstitutunda dərs deyib. Bakıya qayıtdıqdan sonra 1983-1990-cı illərdə Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalıb.

1990-cı ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyib. 2004-cü ildən Teatr Xadimləri İttifaqının sədridir. 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Quruluş verdiyi 80-ə yaxın tamaşa, o cümlədən Vilyam Şekspirin “Hamlet”, “Afinalı Timon”, Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, Arif Süleymanovun “Tufandan əvvəl” və s. səhnə əsərləri orjinallığı, həyatiliyi və çoxqatlılığı ilə milli teatrımızın ən gözəl nümunələrindən sayılır.