Azərbaycanda yenidən güclü zəlzələ olacaqmı? – DİQQƏT

“5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, yeraltı təkanın müddəti 10 saniyədən az olub və dağıntı qeydə alınmayıb:

“5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 ballıq zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir”.

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.